12 Noyabr 2021 20:54
2 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, əlamətdar günlər yaşayırıq. Bu günlər üçün Azərbaycan xalqının, dövlətinin etdiklərini necə şərh etmək olar?

- Bu günlərdə xalqımızın, dövlətimizin qeyd etdiyi əlamətdar tarixi günlərin hamısı faktiki müstəqillik ideyası, azadlıq və onun əldə olunması ilə bağlıdır. Amma biz xalq olaraq bunlara nail olmaq üçün şəhidlər vermişik, əzablar çəkmişik. Ona görə də bu əlamətdar günlərin əhəmiyyətini, çəkisini, məsuliyyətini dərk etməliyik. Çünki bu tarixi günləri qalib və müzəffər xalq kimi qeyd edərək düşünməliyik ki, biz bundan sonra hansı işləri görməliyik? Bu günlər bizlərə xoş əhval-ruhiyyə bəxş etməklə yaddaşımızı, düşüncələrimizi hansısa bir formada gələcəyə də yönəltməlidir. Müstəqilliyimizi biz bərpa etdikdən bu azadlığımızı əlimizdən almaq istəyən qüvvələr mövcud idi. Ona görə də bu gün zəfər bayramlarını qeyd etməklə bilməylik ki, 30 il ərzində torpaqlarımıza sahib çıxmaq istəyirdilər. Həmçinin Bayraq Gününü bu gün azad və qalib dövlət, xalq kimi qeyd edirik. Amma unutmamalıyıq ki, 70 il bu şanlı bayrağımıza da qadağalar vardı, onu da əlimizdən almaq istəyirdilər. Bu gün Konstitusiya gününü qeyd edirk. Onu da unutmamalıyıq ki, xalqımza qarşı haqsız, qanunsuz münasibətlər sərgilənirdi. Məhz bu mənada tarixi günlərin xoş əhval-ruhiyyə yaratmasını yaşamaqla bunun əsl mahiyyətini də dərk etməliyik.

- 44 günlük müharibədən sonra Azərbaycan üçün yaranmış real mənzərə fonunda qarşıda hansı hədəflər mövcuddur?

- Biz unutmamalıyıq ki, bu gün də bayrağımıza, qələbəmizə, konstitusiya günümüzə belə təhlükə yaratmaq istəyənlar var. Qarabağ problemi həll edilib. Bu artıq tarixin bir səhifəsi olub. Amma tarixi də yaddan çıxarmaq olmaz. Çünki tarixi unudan millətin gələcəyi olmur. Ona görə də tarixi əlamətdar günlərə prinsipial prizmadan yanaşmalıyıq. Biz mürəkkəb, çətin, faciələrlə, qanlarla dolu tariximizə xüsusi münasibət bəsləməliyik. 44 günlük müharibədən Ermənistan tam məğlub çıxıb. Tarixdə heç vaxt kapitulyasiyaya imza atmış bir dövlət başçısına ikinci dəfə dəstək verilmir. Amma bu Ermənistanda baş verdi. Çünki erməni xalqı hərbi canilərə yox demişdi. Eyni zamanda hər kəs bilirdi ki, Ermənistandakı revanşistlərə kənardan böyük dəstək var. Bu dəstəyin haradan gəldiyini və istiqamətlərini hər kəs yaxşı bilir. Eyni zamanda Ermənistanda olan bu qruplar Qafqazı sülh məkanı kimi görmək istəməyən qüvvələrin əlində idi. Belə qüvvələrə qalib gəlmək və onlara üstün olmaq elə də asan məsələ deyil. Azərbaycanın yürütdüyü düzgün strateji siyasi kurs bu qüvvələri ölkəmizdən və bölgədən uzaqlaşdırdı. Beləliklə, bu qüvvələrin rolu əhəmiyyətli dərəcədə azaldı. Məhz bundan sonra Azərbaycan-Türkiyə-Ruisya-Gürcsütan-İran-Ermənistan əlaqələri gündəmə gətirildi. Müəyyənləşdi ki, bu cür platforma sülh və inkişaf üçün daha əhəmiyyətlidir. Amma bu gün də həm Rusiyada, həm də digər məkanlarda ermənipərəst qüvvələr var. Ona görə də müəyyən məsələlərdə arxayınlaşmaq olmaz. Biz qələbə əldə etmişik. Dağlıq Qarabağ adlı bir inzibati ərazi artıq yoxdur. Münaqişə artıq tarixə qovuşub. Amma düşmənçilik, provakasiya, müharibə arzusunda olanlar hələ də var. Bunu da biz mütləq nəzərdən qaçırmamalıyıq.

- Ermənistan hakimiyyətinin Azərbaycan ərazində olan ermənilərə maliyyə yardımı ayırması beynəlxalq hüquq üçün hansı president təşkil edir?

- Bu haqda ATƏT-in Minsk qrupu da bəyanat yaydı. Bu bəyanatda nə “separatizmdən” nə də “status” kimi absurd məsələlərdən söhbət getmir. Təbii ki, bu gün də separatçı meyillər var. Bu həm Azərbaycan ərazisində hələ də qalmaqda olan ermənilər arasında, eyni zamanda Ermənistan və ondan kənarda da mövcuddur. Hər kəsə məlumdur ki, separatçı, revanşist, “status” kimi absurd məsələləri kimlərsə, gündəmə gətirmək istəyir. Amma arzuladıqları, dirçəltmək istədikləri məsələləri Minsk qrupu ötəngünkü açıqlaması ilə artıq sıfıra endirdi. Artıq bu təşkilatda da başa düşürlər ki, bu məsələ bitib. Ona görə də Ermənistan hakimiyyətinin Qarabağa pul ayırması və onun ünvana çatması ilə bağlı da məsələlər də yaddan çıxarmaq olmaz. Erməni diasporunun xətti ilə də ora milyardlarla dollar vəsait ayrılmışdı. Axırda aydın oldu ki, bu pulların sərf edilmə ünvanı məlum deyil. Azərbaycan ərazisində yaşayan ölkə vətəndaşlarına ayrılacaq vəsaitlərlə bağlı açıqlamalar olsa da, özləri də bilir ki, bunlar ciddi müzakirəyə ehtiyacı olan prosesdir. Çünki orada yaşayan erməni əsilli vətəndaşlar Azərbaycan ərazisində yaşayır. Belə olan halda Azərbaycan hökuməti onların sosial təminatı üçün vəsait ayıra bilər. Amma başqa bir dövlətin bizim ərazimizdə yaşayan vətəndaşa pul ayırması tamamilə başqa bir məsələdir. Sözsüz ki, burada separatizmlə bağlı fikirlər var. Amma Azərbaycanın mövqeyi bəllidir. Həm beynəlxalq təşkilatlarda, həm də mümkün danışıqlar prosesində bu məsələlər gündəmdədir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər