Prezident İlham Əliyev müasir dünyada cərəyan edən ziddiyyətli və mürəkkəb proseslər, ikili standartlar fonunda Türk xalqlarının birliyinin vahid məqsədlər naminə təmin edilməsinin vacibliyini daim önə çəkməklə yanaşı, konkret addımları ilə onun gerçəkləşməsinə daim çalışan liderdir. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin Türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi siyasətini davam etdirərək ölkəmizə rəhbərlik etdiyi son 18 ildə bu xətti xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə əlaqələrimizi gücləndirmək üçün ardıcıl işlər görüb.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Türk dövlətlərinin, xalqlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması, bədnam erməni lobbisinə qarşı mütəşəkkil mübarizəyə qoşulması dövlətimizin başçısının ən çox diqqət yetirdiyi məsələlərdəndir: “Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət nəticəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq səviyyəsinə yüksəlib. Bundan narahat olan kənar qüvvələr iki qardaş ölkə arasında münasibətlərə xələl gətirməyə çalışsalar da, buna nail ola bilməyiblər. Bu gün Türkiyə və digər türkdilli dövlətlər yaxşı başa düşürlər ki, onların Cənubi Qafqaz regionunda ən etibarlı, sınanılmış müttəfiqi yalnız Azərbaycandır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi qərarını Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri imzalayıblar. Bu mükafat Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, Türk dünyasında liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna, ən əsası Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir”.
A.Hüseynov qeyd edib ki, 2006-cı ilin sentyabr ayında Ankarada, 2009-cu ildə Bakıda, 2009-cu ilin oktyabr ayında isə Naxçıvanda keçirilmiş Zirvə görüşləri Türk dünyası ilə münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından mühüm nəticələrlə yadda qalıb: “Hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyev deyirdi ki, vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük Türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılıb. Bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən liderdir”.