“Ermənistan sülh danışıqlarını pozmaq, mümkün qədər prosesi uzatmaq istəyir. Bundan başqa hansı səbəb ola bilər. Hesab edirəm ki, Laçın istiqamətində Qaragöldə törədilən təxribat da bundan qaynaqlanır. Aydın məsələdir ki, əslində Ermənistan ordusu Paşinyanın əleyhinədir. Onlar çalışırlar ki, Nikolu çox pis vəziyyətdə qoysunlar”.
Bunu Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.
Partiya sədri qeyd edib ki, Nikol Paşinyan ordunu idarə edə bilmir: “Ermənistan ordusu əslində kasta quruluşu kimidir. Kastanı da dağıtmaq çətindir. Mənim müşahidələrimə görə, erməni ordusu əslində müxalifəti dəstəkləyir, sadəcə bunu həyata keçirə bilmir”.
Araz Əlizadə həmçinin bildirib ki, Azərbaycan ərazilərinə soxulan erməni əsgərlərinə layiqli cəza verilməlidir:
“Əgər bizim ordumuz təxribatçıları mühasirəyə alırsa, məncə, onları Bakıya gətirib ədalət divanına çıxarmalıdırlar. Şəxsən mən ermənilərdən nə əclaflıq, təxribat deyirsinizsə, gözləyirəm. Hesab edirəm ki, təxribat törədənlər həbs edilməli və ədalət mühakiməsi önünə çıxarılmalıdır. Azərbaycan qanunları nəyi nəzərdə tutursa onu da etməliyik”.