15 Noyabr 2021 20:54
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da keçirilən “Demokratiya sammiti”nə Bayden tərəfindən nə Azərbaycan, nə Türkiyə, nə də Macarıstanın dəvət edilməməsi, əvəzində işğalçı Ermənistanın tədbirdə iştirak etməsi maraqlı nüanslardan və ABŞ-dakı demokratların bölgə ilə bağlı baxış bucağının nələrdən ibarət olmasından xəbər verir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

O deyib ki, demokratlar bu məsələdə daim Azərbaycana, Türkiyəyə qarşı öz təzyiq metodlarından istifadə edən qruplar kimi tanınırlar:

“Çox təəssüf ki, biz bu illər ərzində Demokratlar Partiyasında insan haqları və sair məsələləri qondarma olaraq əldə bayraq tutulmasının, əvəzində öz məkrli planlarını həyata keçirmələrinin şahidi olurduq. Görünən odur ki, indi Paşinyan “Demokratiya sammiti”nə dəvət alaraq müəyyən eyforiyaya və romantizmə qatılıb. Belə düşünür ki, əgər o belə tədbirə atılırsa, Qərb demokratik cameəsi tərəfindən qəbul ediləcək və onun Ermənistandakı mövqeləri möhkəmlənəcək. Sözsüz ki, bu sammitə kimlərin dəvət olunub-olunmaması siyasi motiv daşıyır. Əsas məhz ondan ibarətdir ki, Cənubi Qafqazda ABŞ tərəfindən Ermənistana və Gürcüstana bir, Azərbaycana isə digər yanaşma sərgilənir. Ümumi götürdükdə, bu Azərbaycan üçün əslində əhəmiyyətsiz məsələdir. Çünki bizim apardığımız siyasət ona işarə edir ki, biz bizi sayanı hər zaman sayırıq, saymayanı isə saymırıq. Kimlərinsə qapısında oturaraq onlardan mədəd ummuruq. Azərbaycan xarici siyasətdə kifayət qədər müstəqil və asılı olmayan ölkədir”.

Z.Məmmədov qeyd edib ki, indiki məqamda Ermənistan cəmiyyətinin və hakimiyyətinin Rusiya ilə bağlarının qopması ABŞ üçün əsas prioritetlərdən biridir:

“Bilirsiniz ki, yaxın vaxtlarda Qərbin Rusiya ilə geosiyasi savaş kontekstində Ermənistanla sıx təmaslarının davam edəcəyini görəcəyik. Bu gözləniləndir. Burada əslində qeyri-adi nələrsə axtarmağa da ehtiyac yoxdur. ABŞ-ın bu sammitə Ermənistanı çağırması, Azərbaycanı isə çağırmamasına görə düşünmürəm ki, biz iki ölkə arasında hansısa müqayisə aparmalıyıq. Bu, daha çox Ermənistan-Rusiya kontekstində müqayisəli şəkildə təhlil edilməlidir. Müqayisəli durum deməyə əsas verir ki, Gürcüstan, Ukrayna və Ermənistan ABŞ üçün Rusiyadan qoparılacaq ölkələr siyahısında ilk yerdədirlər. Artıq Gürücstan və Ukraynada müəyyən müddətdir ki, bu proseslərə start verilibdir. İndi isə növbə İrəvanda olacaqdır. Biz bilirik ki, Ermənistan vətəndaşları Paşinyanın başçılığı altında son zamanlar guya ki, hansısa siyasi müxalifət tərəfindən mitinqlərdə anti-Putin və anti-Rusiya bəyanatları verirlər. Bütövlükdə Ermənistan cəmiyyəti bu gün anti-Putin əhvalındadır və Rusiya Prezidentinin reytinqi bütün MDB məkanında ən aşağı məhz Gürcüstanda və Ermənistandadır. Hətta Ermənistanda onun reytinqi Gürcüstandan da aşağı səviyyədədir. Qərb üçün bu, təbii ki, şansdır. Demokratiya, müəyyən ianələr və qrantlar adı altında Ermənistanla bağlı öz siyasətini davam etdirəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər