16 Noyabr 2021 12:29
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam edir.

Teleqraf.com xəbər verir ki, hazırda iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edir.

Nazir deyib ki, hazırda Azərbaycan 2022-2030-cu illləri əhatə edən yeni iqtisadi dövrə qədəm qoyur: “Qarşımızda bununla bağlı yeni çağırışlar durur. Bununla bağlı 2022-2026-ci illər üzrə yeni inkişaf strategiyasının hazırlanması üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib. Bu müzakirələr nəticəsində qarşıdakı çağırışları özündə əhatə edən ilkin büdcə çərçivəsi formalaşmaqdadır. Bundan başqa, növbəti ilin büdcə layihəsi ölkədə sosial layihələrin həyata keçirilməsini özündə əhatə edir. Bütün bunlar dünya bazarında baş verən artımlar əhalinin mövcud durumuna təsirlərinin azaldılmasına yönəldilib”.

Onun sözlərinə görə, 2022-ci ilin dövlət büdcəsi minimum əmək haqqının, maaş və pensiyaların artırılmasına imkan verir. M.Cabbarov söyləyib ki, pandemiya ilə əlaqədar karantin rejiminin yumşaldılması, dünya əmtəə bazarlarında, xüsusilə neft bazarında qiymətlərin yüksəlməsi şəraitində müsbət dinamika var.

Nazir bildirib ki, ümumdaxili məhsulun 4,9 faiz artması gözləniləndir.

Mikayıl Cabbarov qeyd edib ki, tikinti sektoru istisna olmaqla bütün sahələrdə inkişaf hiss edilir: “Qeyri-neft sektorunda inkişafın mühüm hissəsi qeyri-neft sənayesidir. Son illər sənayenin inkişafı nəticəsində 14 faizə qədər yüksəlmə qeydə alınıb. İqtisadi artımın yüksəlməsi maliyyə yastığının təminatı ilə müşahidə edilir. Ölkənin strateji ehtiyatlarının yüksəlməsində sözsüz ki, qaz-neft gəlirləri xüsusi ağırlıq təşkil edir”.

İqtisadiyyat naziri qeyd edib ki, bu müddət ərzində 243 mindən çox muzdlu işçiyə 250 manat ödənilib. O əlavə edib ki, iqtisadi artımın sürətlənməsi vergi daxilolmalarına da müsbət təsir götərib. Məhz bu səbəbdən də vergi daxilolmaları ötən il nəzərdə tutulan proqnozları vaxtından əvvəl yerinə yetirilib”.

Mikayıl Cabarov bildirib ki, vergilər, sosial sığorta və gömrük daxilolmalarının artımı Neft Fondunda büdcəyə ayrılan daxiolmaları müəyyən qədər azaldıb.


Müəllif: Nemət

Oxşar xəbərlər