Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elman müəllim, Ermənistanda artıq son dönəm üçün 4-cü müdafiə naziri dəyişdirilib. Son təxribatlar fonunda qarşı tərəfdə bu cür dəyişikliklərdə Azərbaycanın təsirləri nə dərəcədə əhəmiyyətlidir?
- Ermənistanda 44 günlük müharibənin ardınca ardıcıl dəyişikliklər baş verir. Bu, islahat deyil, sadəcə olaraq kadr dəyişikliyidir. Eyni zamanda bu, Ermənistan dövlətinin ciddi bir əsaslara malik olmadığının təsdiqidir. Məhz bu səbəbdən hazırda Ermənistanda olan bu kadr dəyişikliyi müxtəlif rakurslardan izah olunur. İlk növbədə bu Nikol Paşinyanın komandası ilə bağlıdır. O, yenidən öz postuna seçildikdən sonra sadiq bir komanda formalaşdırmağa çalışır. Amma ətrafına topladığı adamlar hələ ki, normal bir fəaliyyət ortaya qoya bilmir. Eyni zamanda son təxribatlar müstəvisində Ermənistan müdafiə nazirinin Qarabağa qanunsuz səfəri Şuşa-Laçın yolunda baş verən terror və sərhəd xəttindəki gərginlik fonunda Azərbaycanın qarşı tərəfə etdiyi xəbərdarlıqlar var.
Çünki Azərbaycan dövləti sivil və beynəlxalq hüquqa riayət edərək qarşı tərəfi təxribatlara son qoymağa, əldə olunmuş razılaşmanın prinsiplərini icra etməyə çağırdı. Amma bunun fonunda Ermənistanda olan bəzi kadrların revanşizm ideyalarına alüdə olması fonunda bir çox uğursuz hallar baş verdi. Məhz bunlar da Azərbaycanın qarşı tərəfə daha siyasi təsir imkanlarını gündəmə gətirib. Erməni müdafiə nazirinin də qısa zamanda tutduğu vəzifədən uzaqlaşdırılması da Azərbaycanın təzyiqləri fonunda baş verməsi də reallıqdır. Çünki Azərbaycan qarşı tərəfdən normal davranış tələb edir. Bunun əskinə olacaq hər bir addım sözsüz ki, qarşılıqsız qalmayacaq.
- Ermənistanda baş verən ardıcıl kadr dəyişikliyində kənar təsirlərin rolu nə dərəcədə mümkündür?
- Erməni müdafiə nazirinin son qanunsuz hərəkətləri fonunda Rusiya tərəfindən də mühüm siqnallar edildi. Ermənistana müəyyən mesajlar verildi ki, o təxribatları dayandırsın. Bu, eyni zamanda Azəbaycanla sərhəd xəttində olan hadisələr idi. Son 30 illik tarixə nəzər saldıqda Ermənistanın bir dövlət kimi formalaşmadığı açıq şəkildə müşahidə edilir. Bu ölkə müstəqil siyasət yürüdə bilmir. Ermənistan ya şimaldan ya da qərbdən özünə dəstək axtarır. Ona görə də, Ermənistan stabil bir dövlət modelində özünə mövqe tuta bilməyib.
- Son günlər Ermənistanda Rusiya əleyhinə ritorikanın güclənməsi nə ilə bağlıdır?
- Bu, erməni nankorluğunun, riyakarlığının nişanəsidir. Ermənilər tək Rusiyaya qarşı deyil, onların yaşamasına imkan yaradan Osmanlı imperiyasına belə xəyanət ediblər. 10 illiklərdir ermənilər Çar Rusiyasının, Sovet İmperiyasının, indi də Rusiya Federasiyasının himayədarlığı ilə mövcudluqlarını qoruyublar. Amma ermənilər bu gün də öz havadarlarına riyakarlıq edirlər. Hazırda İrəvanın mərkəzində Rusiya əleyhinə mitinqlər keçirilir. Amma düşünmürlər ki, Rusiya onları bir saat müdafiə etməsə, bir dövlət kimi yox olacaqlar.
- ABŞ-ın “demokratiya sammiti” adı altında ölkələri qütblərə bölməsi hansı zərurətdən yaranıb?
- ABŞ və digər ölkələr demokratiya, söz azadlığı və digər məsələlərdə öz maraqlarını təbliğ etməyə çalışır. Amma bir çox mərkəzlər demokratiya adı altında dövlətləri, xalqları bir-birinə qarşı qoyur. ABŞ demokratiya və insan hüquqlarından danışsa da bu ölkədə bir neçə illik statistik rəqəmlərə nəzər saldıqda qara dərili insanlara qarşı olan təzyiqlər və ayrı-seçkilikləri də qeyd etmək vacibdir. Ona görə də, bu gün ABŞ-ın “demokratiya sammiti” adı altında təşkil etdiyi növbəti bir qütbləşmə açıq təxribatdır. Bu öz hədəflərini və maraqlarına təmin etmək üçün digərlərindən vasitə kimi yararlanmaq siyasətidir.