16 Noyabr 2021 20:38
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da online formatda keçiriləcək “Demokratiya zirvəsinə” Azərbaycan və Türkiyə dəvət olunmayıb. İraq, Konqo, “sammitə” dəvət olunsa da Avropa İttifaqına üzv Macarıstan da siyahıda yer almayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun fikrincə, Azərbaycan və Türkiyənin siyahıdan kənarda qalması isə bu ölkələrin “demokratiya tələblərinə” cavab verməməsi ilə izah oluna bilməz: “Burada söhbət ABŞ Administrasiyasının “tələblərinə” cavab verməkdən gedir. Daha dəqiq desək, bu ölkələrin öz milli maraqlarına uyğun müstəqil siyasət yürütməsi onların “demokratiya zirvəsindən” kənarda qalmasının əsas səbəbidir. Yəni burada söhbət “demokratiya kriteriyalarına cavab verən” və “verməyən” ölkələrdən getmir. Qərbin tələblərinə qeyd-şərtsiz tabe olmayanlar, ilk növbədə Rusiya və Çinə qarşı yeni koalisiyanın yaradılması əsas prinsipdir”.

Millət vəkili hesab edir ki, ABŞ-ın özündə demokratiya ilə bağlı vəziyyətə nəzər salmaqla əsl məsələdən xəbər tutmaq olar: “Son seçkilər və ondan sonrakı proseslərə nəzər salsaq, Donald Trampın seçkilərin saxtalaşdırıldığını bildirməsi, onun nəticələrini tanımaması, sabiq prezidentin sosial mediaya çıxışlarının bloklanmasını, eyni zamanda Ferqüssonda baş verən iğtişaşları xatırlatmaq yerinə düşər. Yəni, ABŞ-ın demokratiya anlayışından təzyiq vasitəsi kimi istifadə edərək, bir çox ölkələri öz iradəsinə tabe etdirməyə çalışdığını görürük. Bu isə beynəlxalq səviyyədə birmənalı qarşılanmır”.

Könül Nurullayevaya görə, NATO üzvü olmaq üçün tələb edilən kriteriyalardan biri də insan haqları və qanunun aliliyinə sadiqlikdir: “ NATO üzvü olan, Avropa İttifaqına namizəd sayılan Türkiyənin “demokratiya zirvəsindən” kənarda qalması və guya müvafiq kriteriyalara cavab verməməsinə dair iddia sadəcə, absurddur. Bu, bir daha təsdiqləyir ki, “demokratiya zirvəsində” iştirak edən dövlətlərin siyahısı obyektiv deyil. Burada Bayden Administrasiyasının münasibəti əsas götürülüb. Siyahıya adı salınan İraqın, seçki dövründə müxalif düşərgənin namizədlərinin güllələndiyi, hakimiyyəti tənqid edənlərin həbs olunduğu Ermənistanın hansı kriteriyalara cavab verdiyini təxmin etmək çətin deyil. Ermənistanın bu prosesdə iştirakı həm də Kremli düşündürməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər