“Mən komitədəki iclas zamanı “Hərbçilərin statusu haqqında” qanun layihəsi barədə danışdım. Hesab edirəm ki, bu olduqca yaxşı qanundur. Qanunda eyni zamanda hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulur. Bu qanun Silahlı Qüvvələrimizin bütün növlərinə aiddir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli deyib.
O əlavə edib ki, bəhs etdiyi qanunda nəzərdə tutulur ki, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının minimum maaşından aşağı olmamalıdır:
“Döyüşlərdə olanlara yaxşı maaş verilməsi məsələsi var. Eləcə də ildə bir dəfə istirahət, mənzil-ailə şəraitinin yaxşılaşdırılması. Sözsüz ki, bu çox əla qanundur”.
Deputat xatırladıb ki, hörmətli maliyyə naziri bunun tutumunun yüksək olduğunu bildirib: “Mən əminəm ki, əgər cənab Prezidentə bu barədə məruzə olunsa, bu məsələ həllini tapır”.
Tahir Kərimli əlavə edib ki, dövlət ciddi şəkildə qazilərə və şəhid ailələrinə yardımlar edir, dəstək verir: “Biz bir neçə yerdə olduq. Bir şəhid ailəsi və qazinin narazılığını görmədik. Amma bununla eyni zamanda müəyyən problemlər də var. Biz onlarla insana rast gəlirik ki, onlar əlil olublar. Amma əlilliyin ləğv edilməsi onlardan da yan keçməyib. Məncə, bu məsələyə baxılmalıdır. Belə insanların işləmək qabiliyyəti yoxur, heç iş də yoxdur”.
Deputat daha sonra şəhid ailələrini və qaziləri incidən məmurları da tənqid edib, deyib ki, onun fikirlərini yalnız belə kateqoriya insanları incidən məmurlara aiddir: “Bəzi məmurlar şəhid ailələrini, veteranları incidirlər. Heç kimin ata- babası həmişə varlı olmayıb. Ona gorə də kasıb ailələrə diqqətlə yanaşılmalıdır. Biz 30-cu illəri görmüş xalqıq. Analarımız müharibədə cənnət qoxulu övladlarını itiriblər. Hər kəs övladlarını oxşayanda onları unutmamalıdır. Atasının şəklini qucaqlayıb ağlayan uşaqları yada salsınlar”.