17 Noyabr 2021 20:12
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, sərhəd xəttindəki erməni təxribatının arxasında nə dayanır?

- Bu cür təxribatlar erməni tərəfinin mümkün qədər sülh prosesini yubatmağa cəhd kimi qiymətləndirilir. Sözsüz ki, burada başqa məqamlar da var. Ermənistanın daxilində və xaricində olan məsələlər burada xüsusi yer tutur. Hazırda Ermənistanda vəziyyət çox ağırdır. Erməni baş nazir Nikol Paşinyan da burada özü üçün müəyyən gedişlər etməyə çalışır. İndiki halda bu hal Nikol Paşinyan üçün də vacib bir gediş kimi qeyd edilə bilər. Çünki o, erməni cəmiyyətində sərhəddə olan proseslərdə özünə uyğun şərhlər axtarmağa çalışır.

Düşünülən odur ki, Paşinyan özünə qarşı olan narazılıqları bir qədər qabaqlamış olsun. Amma bütün bu proseslər onun əleyhinə işləyir. Çünki Azərbaycanın hərbi, siyasi gücü ortadadır. Ona görə də, Paşinyan sadəcə olaraq avantüra üçün belə addımlar atır. Sözsüz ki, bu cür məsələlərdə bütün məsuliyyət Ermənistanın hərbi, siyasi rəhbərliyinin üzərinə düşür.

- Kənar qüvvələrin bu prosesə cəlbi ilə bağlı yanaşmaları nə dərəcədə əsaslı hesab etmək olar?

- Paşinyan mümkün qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu prosesə cəlb etməyə çalışır. 44 günlük müharibə dövründə də belə cəhdlər var idi. Görünən odur ki, yenə o ssenari təkrar olunur. Erməni baş nazirin istəyi odur ki, KTMT, eyni zamanda digər beynəlxalq güclər bu prosesə cəlb olunsun. Elə bir mənzərə yaradılmağa çalışılır ki, müharibə bitməyib, proses hələ də davam edir. Mümkün qədər dünya ictimaiyyətinin diqqəti bu prosesə cəlb etməyə çalışılır. Paşinyan bununla da delimitasiya və demarkasiya prosesini mümkün qədər qeyri-müəyyən vaxta qədər yubatmağa çalışır.

- Beynəlxalq təşkilatların məsələ ilə bağlı verdiyi bəyanatların mahiyyəti nədən xəbər verir?

- Beynəlxalq təşkilatların verdiyi bəyanatların bir çoxundan görünür ki, delimitasiya və demarkasiya işləri aparılmalıdır. Eyni zamanda 10 noyabr 2020-ci ildə imzalanmış bəyanatların şərtləri icra edilməlidir.

- Ermənistanda revanşist qüvvələr ciddi bir qüvvə deyil. Təxribatların hərəkətverici qüvvəsi hansı amillərlə bağlıdır?

- Ermənistanı təxribatlara cəlb etmək üçün təhrikedici qüvvələr hər zaman var. Bu cür yanaşmalar müharibənin gedişində, ondan əvvəl də olub, bu gün də mövcuddur. Çünki bir sıra beynəlxalq güclər Ermənistanın nədənsə, məğlubiyyətini həzm edə bilmir. Amma Ermənistanda daxili qüvvələrin, xüsusən də revanşistlərin məqsədi odur ki, sərhəd xəttində mümkün qədər gərginlik olsun. Eyni zamanda bu amilləri Paşinyan özü üçün də bir “stimul” hesab edir ki, “bax görürsünüz, biz mübarizə aparırıq”. Amma bütün bunların qarşısı qətiyyətlə alınır. Bundan sonra da bu cür hallara qarşı ən sərt addımlar atılacaq. Azərbaycanın hərbi, siyasi gücü imkan verir ki, qarşı tərəfi tamamilə zərərsizləşdirib ona öz maraqlarını diktə edə bilsin. Qarabağ müharibəsi bitib. Azərbaycan bu səhifəni qapadıb. Dövlətimizin mövqeyi qarşılıqlı şəkidlə sülh nizamlanması üzərində iş aparmağa hesablanıb. Baş nazirlərin müavinləri səviyyəsində də müəyyən müzakirlər gedib. Amma Ermənistanda hakimiyyət daxilində olan böhran prosesi bir qədər ləngidir. Bu günlərdə Ermənistanda artıq 4-cü müdafiə naziri dəyişdirildi. Burada da başqa mətləblər var. Amma Ermənistan gec-tez anlamalıdır ki, proses artıq başa çatıb. Azərbaycana qarşı Ermənistanın hansısa bir “uğurlu” hərbi əməliyyatlar icra etməsi qeyri-mümkündür. Ona görə də, bu cür provakasiyalara və avantüralara əl atırlar.

- Azərbaycanın 30 ilə yaxın pozulan ərazi bütövlüyü ilə bağlı səsini çıxarmayan beynəlxalq birlik Ermənistanla bağlı az qala dəridən-qabıqdan çıxmağa çalışır. Bu paradoksu necə şərh etmək olar?

- Bəzi beynəlxalq qüvvələr var ki, bu cür məsələlərdə Ermənistana mümkün qədər dəstək vermək istəyir. Ermənistan hakimiyyətinin də məqsədi odur ki, həmin qüvvələri mümkün qədər prosesə cəlb edə bilsin. Elə bir görüntü yaratmağa çalışırlar ki, güya müharibə hələ də davam edir. Amma bütün bunlar əhəmiyyətsizdir. 44 günlük müharibə dövründə də bu cür hallar olub, bundan sonra da olması mümkündür. Vətən müharibəsi bizim haqq işimiz idi. Bu müqəddəs missiyadan Azərbaycan qalib çıxdı. Ona görə də, heç bir güc, kənar qüvvə Azərbaycana təsir və təzyiq edə bilməz.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər