“Rusiya son günlərdə daha çox kommunikasiyaların açılmasından danışır. Zənnimcə, kommunikasiyalar açılsa, sərhədlərin delimitasiya və demarkasiyası başlasa, bundan sonra sülhyaratma prosesi müəyyən qədər sürətlənə bilər. Artıq müharibə bitib, hər müharibə də sülhlə sona çatır. Ermənilərin içində də canları boğazlarına yığılanlar az deyil, onlar da istəməzlər ki, övladları, yaxınları müharibədə həlak olsunlar. Hər halda nə qədər ləng də olsa, onlarda ayılma prosesi gedir”.
Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Kremlin söçzüsü Dmitri Peskov bildirdi ki, Ermənistan-Azərbaycan sərhədlərindəki qarşıdurmaların dayandırılmasının yeganə zəmanəti üçtərəfli anlaşmanın həyata keçirilməsidir. Onun bu xəbərdarlığı kimə ünvanlanıb və ya həqiqətənmi bu anlaşma yerinə yetirilsə, düşmən təxribatları dayandıracaq?
- Üçtərəfli bəyanatın müddəalarından biri Qarabağın dağlıq hissəsindəki erməni qanunsuz silahlı qüvvələrinin çıxarılması idi. Əvvəllər saylarının 11 min nəfər olduğu deyilirdi, indi isə bu rəqəmin 15 min nəfərə çatdığı haqda iddia dolaşır. Ermənistandan olan silahı dəstələr ya Rusiya sülhməramlılarının diqqətsizliyi, ya da onların qayğısı sayəsində bu ərazilərə sıza bilib. Bu qanunsuz silahlı qruplaşmalar həm Şuşa ətrafında, həm də sərhəd istiqamətlərində törədilən təxribatlarda iştirak edirlər.
Üçtərəfli razılaşmda çox ciddi müddəalar var. Kommunikasiyaların və Zəngəzur dəhlizinin açılması da bura daxildir. Razılaşmanın dördüncü - ərazilərdəki qanunsuz silahlıların çıxarılması ilə bağlı maddə də Azərbaycan üçün həyati əhəmiyyətə malikdir. Bu missiya sülhməramlıların üzərinə qoyulub. Həmin qanunsuz birləşmələr çıxarılıb, yerinə sülhməramlı qüvvələr yerləşdirilməli idi.
Amma onlar bir-biri ilə çox mehribandırlar, hətta sarmaş-dolaş münasibətlər qurublar. Halbuki sülhməramlıların vəzifəsi idi ki, onları Azərbaycanın bu ərazilərindən çıxarsınlar.
Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi də bu anlaşmada yer alıb. Azərbaycan sərhədlərin dəqiqləşdirilməsi ilə yanaşı, ölkələrin ərazi bütövlüyünün tanınması və hörmət edilməsini də tələb edir. Bununla bağlı Soçidə üçtərəfli görüş keçirilməli idi. Amma Paşinyan və ya Ermənistan belə məqamlarda qəbuledilməz şərtlər irəli sürməyi adətə çevirib.
Paşinyan bildirdi ki, “Qarabağ ermənilərinin statusu” məsələsi masada olmayacaqsa, o danışıqlara getməyin mənası yoxdur. Beləliklə, Paşinyan danışıqları pozdu. Bundan sonra əllərini gücləndirmək üçün sərhəddə təxribata əl atdılar. Amma ordumuzun rəşadəti sayəsində onların bu arzuları gözlərində qaldı və çox böyük zərbə aldılar. Baş verənlər yenidən Ermənistanı kapitulyasiyaya məcbur etdi.
Ermənistan sülh müqaviləsini imzalamağa hazır olduğunu deyir, amma onu da qeyd edir ki, ATƏT-in Minsk qrupu da bura qatılmalıdır. Minsk qrupu 30 ilə yaxın işlədi, amma ortaya heç nə qoymadı. Azərbaycan Minsk qrupunun danışıqlar prosesinə qatılmasını istəmir.
- Bunu hansı səbəblərdən istəmir?
- ATƏT-in Minsk qrupuna həmsədri olan ölkələr, xüsusən də ABŞ və Fransa o dünyaya göndərilmiş qondarma rejimi yenidən diriltmək istəyirlər. Ortada heç nə yoxdur, amma bunu hər yerdə yaymağa başlayıblar. Belə olan təqdirdə, niyə Azərbaycan onun üçün yeni problemlər yaratmağa çalışan qüvvələrin danışıqlar prosesinə qatılmasını istəsin?
Açığını deyək, xristian dünyasının fövqəlgücləri Azərbaycana qarşı hərəkətə keçiblər. Əsaslandırılmamış, hətta özlərinin belə əleyhinə olan müddəaları gündəmə gətirmək istəyirlər. Halbuki bu dövlətlərin hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Onların daxil olduğu beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyib. Amma danışıqlarda “status” məsələsini gündəmə gətirməklə prosesi pozmaq istəyirlər.
- Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirdi. Ermənistan baş naziri bu qərarında nə qədər sabitdir və ya hansı şərtlər daxilində bunu təklif edə bilər?
- Azərbaycan müharibə bitdikdən sonra dəfələrlə Ermənistanı sülhə səsləyib. Amma onlar həm böyük dövlətlərin təsiri altında, həm də öz xislətlərinə sığınaraq danışıqlara qatılmaqdan yayınırlar. Düzdür, Paşinyan məğlubiyyətdən sonra sülhə hazır olduqlarını bəyan edir. Amma bu yöndə əməli addımların atıldığını görmürük.
Əlbəttə, Azərbaycan sülh istəyir. Ermənistan da özünü dünya ictimaiyyətinin nəzərində “sülhsever” kimi göstərmək üçün bu yöndə mesajlar verir. Amma yenə də sülhə mane olan şərtləri irəli sürür. Bayaq “Qarabağın statusu” məsələsini ortaya atırdısa, indi ATƏT-in Minsk qrupunun danışıqlar prosesinə cəlb olunmasını şərt kimi önə çəkir. Onlar yaxşı bilir ki, Minsk qrupunun gündəmdə saxladığı əsas məsələ “status”la bağlıdır.
ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi dəfələrlə bunu gündəmə gətirib. Halbuki bu onun statusuna daxil olan məsələ deyil. Buna baxmayaraq, çox canfəşanlıq göstərir. Başda Prezident Makron olmaqla Fransa da gah Putinlə, gah Baydenlə danışır, gah da digər bəzi dövlətlərin liderləri ilə əlaqələr qurur.
Paşinyan isə bəlkə də hər gün Makronla telefonla danışır. Görünən budur ki, onlar bölgədə yaranmış yeni reallıqlarla barışmaq istəmirlər. Barışmadıqca da gərginlik qalacaq, sülhyaratma prosesinə əngəllər yaranacaq.
- Diqqətçəkən məqamlardan biri də Rusiya sülhməramlılarının keçmiş komandiri Rüstəm Muradov postundan getməsinə baxmayaraq, hələ də Bakı və İrəvan arasında vasitəçilik missiyasını davam etdirməsidir. Bu missiyanı sülhməramlıların hazırkı komandiri Gennadi Anaşkin yerinə yetirməli deyilmi?
- Mənə belə gəlir ki, Gennadi Anaşkin hələ yenidir. Həm Azərbaycanın siyasi rəhbərliyi, həm də Müdafiə Nazirliyi ilə o dərəcədə münasibətləri yoxdur. Rüstəm Muradov isə Şimali Qafqazdandır. Bundan başqa, müsəlmandır, həm də Azərbaycanla müəyyən əlaqələrə malikdir. Yəqin Rusiya belə hesab edir ki, Azərbaycanla əlaqələrin qurulmasında və digər humanitar məsələlərin həllində daha yaxşı rol oynaya bilər. Zənnimcə, ən doğrusu budur.
Rüstəm Muradov bölgə adamı və ya qafqazlı, eləcə də müsəlman kimi regiona daha yaxşı bələddir. Üstəgəl, o, Dərbənd ətrafında yaşayan azərbaycanlıların içində böyüyüb. Deyilənə görə, Azərbaycan dilini də bilir. Məncə, bütün bunları nəzərə alanda onun profili bu prosesdə iştiraka uyğundur.
Təbii ki, Rüstəm Muradov Rusiya dövlətinin mövqeyindən çıxış edir, son zamanlar açıq şəkildə ermənipərəst mövqe ortaya qoyur. Məncə, bütün bunlara baxmayaraq, Azərbaycan da onunla işləməyi münasibət hesab edir.
- Sizin də dediyiniz kimi, sülh müqaviləsinin imzalanmasının önündə əngəllərin olduğu görünür, üstəgəl, kommunikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsi məsələlərin həllində də irəliləyiş nəzərə çarpmır. Belə olan təqdirdə, proseslər hansı məcraya yönələ bilər?
- Məncə, Laçın və Kəlbəcər ərazilərindəki təxribatlardan sonra ermənilərin burunları bir daha ovuldu. Düzdür, İrəvanda mitinqlər keçirilir, Paşinyanı istefaya səsləyirlər, amma Rusiyanın özü də görür ki, bölgədəki prosesləri nəzarətdə saxlaya bilmir. Rusiyanın başı Belarusda dərddədir. Yenidən Cənubi Qafqazda vəziyyət gərginləşsə, məsələlər həll edilməmiş qalsa, Rusiya prosesləri idarə etmək imkanına malik olmayacaq. Rusiya Ermənistanın tərəfini saxlasa da, pis-yaxşı sülh müqaviləsinin bağlanmasını, kommunikasiyaların açılmasını istəyir.
Rusiya son günlərdə daha çox kommunikasiyaların açılmasından danışır. Zənnimcə, kommunikasiyalar açılsa, sərhədlərin delimitasiya və demarkasiyası başlasa, bundan sonra sülhyaratma prosesi müəyyən qədər sürətlənə bilər. Artıq müharibə bitib, hər müharibə də sülhlə sona çatır. Ermənilərin içində də canları boğazlarına yığılanlar az deyil, onlar da istəməzlər ki, övladları, yaxınları müharibədə həlak olsunlar. Hər halda onlarda nə qədər ləng olsa da, ayılma prosesi gedir.