Azərbaycan artıq qlobal miqyasda mühüm təşəbbüslərlə çıxış edən aparıcı bir ölkəyə çevrilib. 44 günlük müharibə və ondan sonrakı dövr üçün də dövlətimizin iradəsi ilə qlobal miqyasda mühüm təşəbbüslər reallığa çevrilir. Bu mənada beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin pandemiya, peyvənd millətçiliyinə qarşı qlobal mübarizədə təşəbbüslərinə dəstək ifadə edib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun fikrincə, BMT-nin 76-cı sessiyasında Prezident İlham Əliyevin peyvənd millətçiliyinə qarşı təşəbbüsü mühüm dəstək qazanıb: “Məhz bu mühüm təşəbbüs BMT tərəfindən böyük səs çoxluğu ilə qəbul edilib. 171 ölkə bu qətnamənin lehinə səs verib. Eyni zamanda heç bir ölkə qətnamənin əleyhinə səs verməyib. Qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən biri olan Ermənistan regionda ən az peyvəndləmə səviyyəsinə malikdir. Sözsüz ki, bu? Ermənistanın hətta humanitar məsələlərdə Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının nümunəsidir”.
Millət vəkili hesab edir ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı mübarizədə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir: “Dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ölkələrdəndir. Eyni zamanda varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə istiqamətində mühüm addımlar atılıb. Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyev daimi olaraq bu məsələləri gündəmə saxlayıb”.
Cavid Osmanova görə, Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etməsi də mühüm təşəbbüs kimi xarakterizə olunur: “Ölkəmizin ÜST-ə 10 milyon dollar məbləğində könüllü maliyyə ayırması, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim etməsi qlobal təşəbbüs hesab olunur. Məhz bu səbəbdən də Prezident İlham Əliyevin təşəbbüsü BMT Baş Assambleyanın 3-cü komitəsində mühüm dəstək qazanıb. Qəbul olunan qətnamə beynəlxalq ictimaiyyətin Prezident İlham Əliyevin təşəbbüsünə olan münasibətidir. Bu pandemiya, peyvənd millətçiliyinə qarşı qlobal mübarizədə olan təşəbbüslərə verilən qiymətdir”.