Gürcüstan “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, Türkiyə, İran) iştirak etməyi planlaşdırmır.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu bu gün parlamentdə çıxışı zamanı Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.
“Gürcüstan “altılıq təşəbbüsü”ndə iştirak etməyəcək. Mən bunu Türkiyə və Azərbaycana səfərlərim zamanı da bildirmişəm”, - Zalkaliani əlavə edib.
2021-ci il oktyabrın 6-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, İran tərəfi “3+3” formatı ideyasına müsbət münasibət bildirib, eyni yanaşma Azərbaycanda və Türkiyədə də müşahidə olunur.
“Biz erməni tərəfdaşlarımızla işləyirik. Ümid edirik ki, Gürcüstanın üzləşdiyi bütün problemlərə baxmayaraq, buradakı münaqişələrə görə çoxdan geri qalmış regionun sürətli inkişafı ilə bağlı məsləhətləşmələr və qərarların qəbulu mexanizminin yaradılmasında əsas marağını görə biləcək”, - deyə Lavrov bildirmişdi.