“Bu il noyabrın 16-da Ermənistan hərbi-siyasi təxribata əl ataraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərinə genişmiqyaslı hücuma cəhd edib. Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinin ağır hərbi və artilleriya texnikasından istifadə etməklə hücumun qarşısını almaq üçün adekvat və təsirli tədbirlər həyata keçirib. Toqquşmalar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb. Bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əvvəlcədən planlaşdırılmış və məqsədyönlü təxribatıdır. Vəziyyəti gərginləşdirmək üçün Kəlbəcər və Laçın rayonları istiqamətində bir sıra yüksəklikləri ələ keçirməyə və bununla da hərbi üstünlük əldə etməyə cəhd edildi".
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda, həmçinin Ermənistan Silahlı Qüvvələrinin digər təxribat xarakterli əməlləri də qeyd olunub: “44 günlük müharibədə ağır məğlubiyyətin əvəzini çıxmaq üçün Ermənistan Azərbaycan ordusunun bölmələrinə qarşı ardıcıl təxribatlara başlayıb.
Noyabrın 6-7-də Ermənistanın keçmiş müdafiə naziri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə qeyri-qanuni səfər edib və bir sıra qızışdırıcı və təxribat xarakterli hərəkətlərə yol verib.
Bu il noyabrın 19-da isə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Kəlbəcər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinə məxsus mühəndis texnikasını atəşə tutub. Həmin gün Ermənistan tərəfi Laçın rayonunun Qaragöl gölü ətrafında Azərbaycanın mövqelərinə gedən yola 60 nəfərlik hərbi qulluqçu yerləşdirməyə cəhd edib.
Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir hissəsi mühasirəyə alınıb. Rusiya tərəfinin xahişini nəzərə alan Azərbaycan növbəti dəfə humanizm nümayiş etdirərək erməni hərbçilərin geri qayıtmasına şərait yaradıb. Bu il noyabrın 13-də Şuşa şəhəri yaxınlığında erməni terrorçuları Azərbaycan hərbçilərinə qarşı qumbaraatan ataraq növbəti terror aktı törədiblər. Nəticədə 3 hərbçi yaralanıb”.
“Yuxarıda deyilənlərdən göründüyü kimi, regionda gərginliyin artmasına görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və o, sərhəddə həyata keçirilən hərbi avantüraya paralel olaraq beynəlxalq aləmdə Azərbaycana qarşı yalan və qaralama kampaniyasını davam etdirir. Azərbaycan suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüququn toxunulmazlığına qarşılıqlı hörmət əsasında Ermənistanı əsassız iddialara son qoymağa çağırır. Tanınmış sərhədlər Ermənistanı ikitərəfli dövlətlərarası münasibətlərin qurulması üçün konstruktiv addımlar atmağa, o cümlədən dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanmasına məcbur edir”, - səfirlikdən bildirilib.