20 Noyabr 2021 15:16
1 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizə lazımdır ki, Ermənistan Baş naziri Nikol Paşinyan sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlara razılaşsın, dəhlizin açılmasını sürətlənsin, sülh sazişinin mətni üzərində iş başlasın”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçiriləcək görüşü şərh edib:

“Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər. Liderlərin görüşməsinə və danışıqlar aparmasına ehtiyac var. İki ölkə müharibədən sonra yerdə qalan problemli məsələləri masa ətrafında həll etməyə çalışmalıdır. Sərhəddəki gərginliyin artırılması nə Azərbaycana, nə də Ermənistana faydalıdır.

Bizə lazımdır ki, Ermənistan Baş naziri Nikol Paşinyan sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlara razılaşsın, dəhlizin açılmasını sürətlənsin, sülh sazişinin mətni üzərində iş başlasın. Bunun üçün müxtəlif səviyyələrdə danışıqlaraın başlaması faydalıdır. Əlbəttə, bir və ya bir neçə görüşdən nəticə çıxamayacaq, amma indiki şərtlər altında danışıqların alternativi yoxdur”.

Elxan Şahinoğlu Ermənistan-Azərbaycan sərhədindəki son toqquşmalara da toxunub:

“Azərbaycan cəmiyyəti İkinci Qarabağ müharibəsində yekdil idi, fərqli yanaşma yoxuydu, çünki söhbət işğal altındakı torpaqlarımızın azad olunmasından gedirdi. Amma sərhəddə baş verən son toqquşmalar və itkilərimizlə bağlı cəmiyyət içərisində fərqli baxışlar meydana çıxıb, bunu sosial şəbəkələrdəki müxtəlif paylaşmalardan da hiss etmək olar.

“Zəngəzur dəhlizi məsələsində Qarabağın azad olunması qədər israrlı olmamalıyıq” kimi fikirlərlə razılaşmasam da, fərqli fikirləri və bu mövzuda diskussiyaları normal qiymətləndirirəm, 10 milyon azərbaycanlı eyni düşünə bilməz. Zəngəzur dəhlizi və sərhəddəki toqquşmalarla bağlı cəmiyyətdə fikir ixtilafının yaranması o deməkdir ki, bu mövzuların cəmiyyətə daha tutarlı və məntiqli şəkildə izahına ehtiyac var. Hakimiyyət ideoloqları bu barədə düşünməlidirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər