22 Noyabr 2021 19:00
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhəddə törətdiyi təxribatlar Ermənistana istər hərbi, istərsə də siyasi nöqteyi-nəzərdən baha başa gəldi. Belə ki, 20-dən çox erməni hərbçisinin ölümü, 100-ə yaxınının isə yaralanması ilə nəticələnmiş bu təxribat Ermənistanda daxili-siyasi gərginliyi daha da artırdı. Ermənistanda hərbçilərin ölümünə etiraz edən narazı kütlə hakimiyyətdən sərhəd təxribatının ağır nəticələrinin hesabını soruşur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun fikrincə, bu insidentin nəticələri bir daha göstərdi ki, 44 günlük müharibədə darmadağın olan erməni ordusu yenidən revanş götürmək iqtidarında deyil: “Bu səbəbdən sərhəd təxribatı Ermənistan üçün hərbi baxımdan rüsvayçı sonluqla nəticələndi. Siyasi baxımdan da Ermənistan rüsvay oldu. Belə ki, noyabrın 16-da Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatların ardınca yenidən Qərb ölkələrinə və təşkilatlarına yalvarması Ermənistanın siyasi-hərbi rəhbərliyinin ajiotaj içində olduğunu göstərir. Digər tərəfdən, bu ölkənin Rusiya ilə münasibətdə də səmimi olmadığı bir daha təsdiqləndi. Sərhəddə insidentdən dərhal sonra anti-Rusiya əhval-rühiyyəsinə köklənən Ermənistan Qərbdə özünə yenidən dəstəkçi güc axtarmağa başladı. Bu davranış Paşinyanın Qərbin Rusiyaya qarşı daha bir təlimatını yerinə yetirən alət olduğunu təsdiqlədi”.

Millət vəkili hesab edir ki, Ermənistan tərəfindən Avropa İttifaqına edilən yalvarışların nəticəsində Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin Brüsseldə görüş keçirilməsinə dair Aİ Şurası tərəfindən təklif irəli sürüldü və rəsmi Bakı etiraz etmədi: “Çünki Azərbaycan hər zaman siyasi dialoqa açıq olduğunu bəyan edib. Rəsmi Bakı bütün davranışlarında səmimidir. Ölkəmiz tərəfindən verilən bəyanatlarla praktik addımlar hər zaman bir-birilə uzlaşır. Bu fakt bir daha göstərir ki, Azərbaycanın beynəlxalq mövqeləri getdikcə daha da güclənir və 16 noyabr hadisəsi Azərbaycanın 44 günlük müharibə nəticəsində əldə etdiyi tarixi zəfərinin davamıdır. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Ermənistan 16 noyabr insidentinə görə həm hərbi müstəvidə, həm də diplomatik meydanda yenə ağır zərbə aldı və rüsvay oldu. Aydın oldu ki, bu ölkə heç vaxt beynəlxalq birliyin subyekti olmayıb və bundan sonra da olmayacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər