22 Noyabr 2021 21:25
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Razi bəy, Brüsseldə Azərbaycan Prezidenti və erməni baş naziri arasında görüşdən gözləntiləriniz nədir? Hansısa nəticənin əldə olunmasını proqnozlaşdırmaq nə dərəcədə mümkün görünür?

- Bu məsələyə iki yöndən yanaşmaq olar. İlk növbədə Brüsseldə keçiriləcək görüşdə ciddi nəticənin olacağına əminlik yoxdur. Danışıqlar, bəyanat xarakterli məlumatlar, razılaşmalar ola bilər. Eyni zamanda bu cür görüşlərin gələcəkdə davam etdirilməsi qərarının olması da mümkündür. Avropa Birliyinə də bu məsələlərdə təşkilatçı və təşəbbüskar olduğuna görə təşəkkürlər edilə bilər. Bunların hamısı daha çox diplomatik, görüntü, deklorativ xarakter daşıyır. Çünki Ermənistanla Azərbaycan arasında olan münaqişə başa çatıb. Artıq iki ölkə arasında sərhədlərin müəyyənləşməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər müzakirə edilir ki, bu da daha çox Moskva ilə birbaşa bağlıdır. Moskva bu məsələlərdə maraqlı olmasa, proseslərin irəliləməsində çətinliklər yaradacaq. Belə bir halda erməni baş nazir Nikol Paşinyanın Moskvanın təkidlərinə baxmayaraq, görüşdən imtina etməsi və Brüsseldə Prezident İlham Əliyevlə görüşə razılıq verməsi bunu da Avropa Birliyinin Şərq Tərəfdaşlığı çərçivəsində olması müəyyən suallar yaradacaq.

- Belə olan halda real yanaşmaları harada axtarmaq lazımdır?

- Bu suallar ən çox Moskvadadır. Ona görə də, bütün bunlar Nikol Paşinyan üçün heç də yaxşı hal deyil. Çünki Rusiyanın vasitəçiliyi ilə Ermənistanın dövlətçiliyi, 10 minlərlə erməni əsgəri, hətta Paşinyanın özü belə məhv olmaqdan xilas olundu. Belə olmasaydı, Azərbaycan özünün qədim torpaqlarında bayrağını ucalda bilərdi. Buna da dövlətimizin qüdrəti var. Amma görünür, Ermənistan nə Azərbaycanın, nə də ki, Rusiyanın bu jestini qiymətləndirə bildi. Çünki o, yenə də özünə xarici havadarlar axtarır. Eyni zamanda münaqişəni mümkün qədər alovlandırmaq istəyir, məqsədi də razılaşmaları pozmaq, digər qüvvələrin burada müşahidəçi, vasitəçi kimi qatılmasına yol açmaqdan ibarətdir. Sözsüz ki, bu günə qədər əldə olunan razılaşmaların yenidən masaya qaytarılması birmənalı olaraq Moskvanın maraqlarına cavab vermir. Bu həmçinin Azərbaycanın da maraqlarına ziddir. Ona görə də, Ermənistan bu cür davranışına görə mütləq şəkildə layiqli cavabını alacaq.

- Brüsseldə hər hansı bir nəticənin əldə olunması Rusiya üçün nə dərəcədə təsirlidir?

- Brüsseldən müəyyən nəticə ilə çıxmaq Rusiyanın maraqlarına zərbədir. Bu baxımdan erməni tərəfi Brüsseldə daha çox narazılıqlarını ortaya qoyacaq. Eyni zamanda Ermənistanın daha çox pozucu bir mövqe sərgiləməsi də gözlənilir. Amma bütün bunların fonunda Ermənistanın davranışları Rusiyanın prosesdə olan vasitəçiliyinə zərbə kimi xarakterizə olunur.

- Azərbaycan üçün Brüssel görüşünün əhəmiyyəti hansı üstünlüklər qazandırır?

- Azərbaycan hər zaman sülhə, müzakirələrə, sərhədlərin qarşılıqlı olaraq tanınmasına razı olduğunu bəyan edib. Ölkəmiz sərhədlərin delimitasiyası və demarkasiyasına hazırlığını ifadə edib. Eyni zamanda Azərbaycan heç bir görüşdən, müzakirələrdən imtina etməyib. Amma Ermənistan tərəfi hər zaman danışıqlardan, müzakirələrdən qaçıb. Azərbaycan üçün belə bir görüşün Moskvada, Brüsseldə, Vaşinqtonda olmasının heç bir əhəmiyyəti yoxdur. Azərbaycanın bu məsələlərdə itirəcəyi heç bir məsələ yoxdur. Sadəcə olaraq burada Ermənistanın üzərinə mühüm məsuliyyət düşür. Çünki Ermənistan məsələləri bu və ya digər ölkələrin maraqlarına zidd bir şəkildə təqdim etməyə çalışır. Amma bunların Azərbaycan üçün heç bir təsir imkanları yoxdur. Ölkəmiz hər zaman konstruktiv danışıqlara hazırdır. Ermənistan da məsələlərə məhz bu prizmadan yanaşmalıdır.

- Avropa Birliyinin prosesə təsir imkanı fonunda konkret nəticələrə nail olmaq nə dərəcədə realdır?

- Düşünmək olmaz ki, Avropa İttifaqının addımları sırf Rusiyaya və onun vasitəçiliyinə qarşıdır. Sadəcə olaraq onlar öndə olmaq, nəticələr əldə etmək istəyir. Brüsseldə nəticələr əldə olunsa, müxtəlif məsələlər üzrə razılıq olsa, bu Azərbaycan üçün yaxşı bir haldır. Bundan Azərbaycan tərəfi imtina etmir. Amma bu Rusiya üçün nə dərəcədə yaxşı haldır? Bununla bağlı fərqli fikirlər var. Çünki Rusiya artıq il yarımdan çoxdur ki, bu məsələdə vasitəçilik edir. Konkret nəticələr əldə olunmasa da, proseslərin inkişaf istiqaməti var. Ona görə də, Brüsseldə hər hansı bir nəticələr əldə olunsa, Moskvada bununla bağlı düşünənlər az olmayacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər