Bolqarıstanın hazırkı prezidenti Rumen Radev Krımı Rusiyanın adlandırıb və anti-Rusiya sanksiyalarını ləğv etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, prezident seçkilərinin ikinci turu öncəsi BNT telekanalında keçirilən ilk və yeganə debatda prezidentliyə iki namizəd Bolqarıstan auditoriyası qarşısında çıxış edib – hazırkı prezident, ehtiyatda olan hərbçi Rumen Radev və qərbyönlü QERB (Vətəndaşlar Bolqarıstanın Avropa seçimi uğrunda) partiyasının nümayəndəsi, Sofiya Universitetinin rektoru, filoloq Anastas Qerdjikov. Diskussiya zamanı tərəflər Rusiya ilə qarşılıqlı münasibətlərə də toxunub və opponentlər arasında aşağıdakı dialoq baş tutub:
Mən şadam ki, son bir ayda sizin mövqeləriniz mənim mövqeyimə yaxınlaşıb, - deyə Qerdjikov opponenti ilə ünsiyyət zamanı bildirib. – Biz oxşar iqtisadiyyata malik hər bir ölkə kimi Rusiya ilə də əməkdaşlıqda maraqlıyıq. Amma mən sizin Krım mövzusunda mövqeyinizi eşitməmişəm - mənim fikrim odur ki, üzərində hansı bayrağın dalğalanmasından asılı olmayaraq Krım Ukraynadır”.
– Tətbiq olunan sanksiyalar nəticə vermədi. Bu cür problemlərin həllinə praqmatik yanaşma lazımdır”, – deyə Radev bildirib.
- Amma mən eşitmək istəyirəm ki, Krım kimindir? – rəqib israrla davam edib.
– Hal-hazırda Rusiyanındır, bəlkə elə deyil?” - cavab belə olub.
Sonra Sofiya Universitetinin rektoru “rus təhlükəsi” mövzusunu qaldırıb.
“Biz onların (rusların – S.Həmid) Belarus kimi bizi də rus ərazilərinin bir hissəsi hesab etdiklərinə dair mövqe ilə barışmamalıyıq. Bu cür davam edə bilməz!”- Qerdjikov deyib.
R.Radev buna sadəcə, əllərini yuxarı qaldırmaqla və istehza ilə ah çəkməklə cavab verib.
Bundan sonra o, ABŞ Prezidenti Co Baydenin Şərqi Avropa liderləri ilə bu yaxınlarda keçirdiyi görüşdən danışıb, bu görüş zamanı sonuncular onların bütün problemlərinin Rusiyanın hibrid hücumları ilə bağlı olduğundan şikayət etməyə başlayıblar. Amerika Prezidenti onlara qısa cavab verib: “Sizin problemləriniz korrupsiya ilə bağlıdır”.
Eyni zamanda Rusiya xüsusi xidmət orqanları tərəfindən “Noviçok” adlanan təhlükəli maddə ilə özünün və ailəsinin zəhərləndiyi iddia edilən bolqar silah alverçisi Emelyan Qebrevi misal gətirən Radev etiraf edib ki, “Rusiya təhlükəsi” hələ də mövcuddur, Bolqarıstanın suverenliyi qorunmalıdır.
Rumen Radev 2016-cı ildə prezident seçkilərinə o vaxt Bolqarıstan cəmiyyəti üçün populyar olan Rusiya ilə yaxınlaşma və anti-Rusiya sanksiyalarının ləğvi ilə bağlı şüarlar altında getmişdi. Lakin o, qərbyönlü QERB partiyasının hökuməti tərəfindən idarə olunan ölkədə hakimiyyətə gələrək bəyan edilənlərin heç birini həyata keçirə bilmədi. Bundan əlavə, pressinqdən və Moskvaya işləmək ittihamlarından qaçmaq üçün Radev açıq şəkildə rusiyapərəst xarakterindən imtina edərək bəhanələr gətirməli oldu.
“Mən NATO generalıyam, ABŞ-da Hərbi Hava Qüvvələri Akademiyasını bitirmiş ilk bolqaram və mən avro-atlantik üzvlüyü indikindən daha aktiv vasitələrlə müdafiə edəcəyəm”, - Bolqarıstanın hazırkı prezidenti mətbuat konfransında demişdi.
Qeyd edək ki, Rumen Radev noyabrın 22-də Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turunda 66,67 faiz səs toplayaraq rəqibi üzərində qəti qələbə qazanıb.
Bolqarıstan 2004-cü ildən NATO-nun, 2007-ci ildən isə Avropa İttifaqının üzvüdür.