“Rusiya Prezidenti Vladimir Putin Ermənistandakı vəziyyəti, onun demoqrafik durumunu hamıdan yaxşı bilir. Heç buna işarə lazım deyil. O, Ermənistandakı vəziyyəti əla bilir. Ermənistandakı rus kəşfiyyatı yəqin ki, durumu daha yaxşı analiz etmək imkanına malikdir”.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə bildirib.
Siyasi şərhçi xatırladır ki, hətta bir dəfə Putin zarafatla açıq qeyd etmişdi ki, Ermənistanın prezidenti mənəm, çünki Ermənistanda yaşayanlardan da çox şey bilirəm: “Bunu zarafatla olsa da, demişdi. Başqa sözlə, qızım sənə deyirəm, gəlinim sən eşit. Səhv etmirəmsə, həmin vaxt Serj Sərkisyan hakimiyyətdə idi”.
Zərdüşt Əlizadənin fikrincə, indi də Putin çox yaxşı bilir ki, Ermənistanın bəşəri və demoqrafik resursları məhduddur:
“Yəni Ermənistan sabah Azərbaycanla sərhədləri qursa belə, onu mühafizə etmək, hərbi hissələr qurmaq imkanı yoxdur. Bəli, rus xalqı da pis yaşayır, amma bu xalqın hesabına ruslar gəlib Ermənistanda sərhədə zastava da tikəcək. Öz işləridir. Biz istəyirik ki, sərhədlərimizi quraq, ərazi bütövlüyümüzü bərpa edək və dövlət qurulması prosesinə başlayaq. Yaxşı təhsil, yüksək səviyyəli səhiyyəmiz olsun. Bizim üçün vacibi budur”.