23 Noyabr 2021 12:55
4 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bölgədə kommunikasiyaların açılması ilə bağlı tərəflər arasında ortaq məxrəc var, amma texniki imkanlara uyğun olaraq blokadanın açılmasının texniki və ekspert səviyyəsində bir çox variantlarını işləyib hazırlamışıq, müzakirə etmişik, amma hansının işləyəcəyi ilə bağlı yekun razılaşmamız yoxdur”.

Ermənistan baş nazirinin müavini, Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun üzvü Mqer Qriqoryanın “Hraparak” qəzetinə müsahibəsini ixtisarla təqdim edirik.

- Cənab Qriqoryan, yaxın vaxtlarda imzalanacaq (Azərbaycanla) sənədin məzmunu ilə tanışsınızmı?

- Hazırda sənədin imzalanması ilə bağlı razılaşma yoxdur.

- Belə olan halda Brüsseldə Ermənistan və Azərbaycan liderlərinin görüşünün məqsədi nədir?

- Orada sənədin imzalanması baxımından heç bir belə məlumatı təsdiq edə bilmərəm.

- Nikol Paşinyanın ruslardan təklif aldığını dediyi demarkasiya və delimitasiya sənədi yaxın vaxtlarda imzalanacaqmı?

- O proseslə bağlı heç bir səfərin, görüşün əhəmiyyəti yoxdur. İstənilən halda bu, həyata keçirilməli olan prosesdir və görüşün olub-olmaması ona birbaşa təsir göstərmir.

- Brüssel görüşünün formatı və gündəliyi barədə məlumatınız varmı?

- Bu, mənim proqramım deyil, buna görə də görüşün gündəliyinə münasibət bildirməyim düzgün olmaz.

- Dünəndən insanlar hökumət binası qarşısında mitinq keçirir, imzalanacaq sənədin məzmununu yayımlamağı tələb edirlər.

- Kimlərin nə üçün mitinq keçirdiyini bilmirəm. Amma yenə deyirəm, hazırda həmin görüşlə bağlı heç bir məlumatım yoxdur.

- Nikol Paşinyan bildirdi ki, Rusiyadan demarkasiya və delimitasiya ilə bağlı üç təklif alıb və hər üçü sizin üçün məqbuldur. Həmin təkliflərin məzmunu ilə tanışsınızmı?

- İndi onun detallarını verə bilmərəm.

- Kommunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiyanın üzvüsünüz, o müzakirələrdə hara çatdığınızı deyə bilərsinizmi və ortaq məxrəcə gələ bilərsinizmi?

- Hazırda deyə bilmərəm ki, bizim ortaq məxrəcimiz var, amma texniki imkanlara uyğun olaraq blokadanın açılmasının texniki və ekspert səviyyəsində bir çox variantlarını işləyib hazırlamışıq, müzakirə etmişik, amma hansının işləyəcəyi ilə bağlı yekun razılaşmamız yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər