“Son illər ərzində Təhsil Nazirliyində məqsədli islahatlar həyata keçirilib. Buna uyğun olaraq da maliyyə təminatı olub. Güman edirəm ki, digər sahələrdə də dəstəkləyici islahatlar həyata keçirməklə maliyyələşmə işini həyata keçirmək olar”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.
Nazir qeyd edib ki, son illər tibb sahəsinə dövlət büdcəsi tərəfindən maliyyə artırılıb:
"Bütün sahələrə eyni anda maliyyə ayırmaq mümkün deyil. Bəzi millət vəkilləri çıxışlarında təmsil etdikləri rayonların, seçicilərin maraqlarını müdafiə etmək istiqamətində bir çox problemi qaldırıb. Daha çox qaldırılan məsələlər sırasında qaz təchizatı, su, təhsil və yol məsələləridir. Bu 4 istiqaməti sadalamaq daha yaxşı olardı. İnkişaf gedir. Qaz təchizatı ilə əlaqədar məsələlərə aidiyyəti dövlət qurumları yəqin ki, cavab verəcək. Hökumət tərəfindən bu məsələdə, əsasən, müvafiq qaz həcmlərinin təmin edilməsi və mövcud tarif çərçivəsində qaz təchizatı işini həyata keçirən qurumların fəaliyyətinə önəm verilir. Dünya bazarlarında təbii qazın qiyməti çox yüksəkdir. Hazırda bu, ölkəmizdə də prosesə öz təsirini göstərir. Bildiyiniz kimi, qazın bir hissəsi bizim daxili qurumlarımız tərəfindən, digər həcmləri isə ölkə daxilində xarici şirkətlərlə birgə hasil olunur. Bu dövlətlərin də bura investisiya qoyuluşunda müəyyən maraqları var. Əks təqdirdə bu investisiya qoyuluşları davam etməz”.
Samir Şərifov qeyd edib ki, çıxışları zamanı bəzi deputatlar su problemini də qaldırıb:
“Son illər dünyada su qıtlığı müşahidə olunur. Bunun bir səbəbi də iqlim dəyişikliyi ilə əlaqədardır. Son həftələr müşahidə edilən yağıntılar su ehtiyatlarının artmasına şərait yaradıb. Bununla belə ölkədə su ehtiyatları ilə bağlı gərgin vəziyyət davam etməkdədir. Bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. İşğaldan azad edilən ərazilərin su ehtiyatlarının da istifadə edilməsi gündəmdədir. Bu da su ilə bağlı məsələlərə öz töhfəsini verəcək”.
Samir Şərifov sonda bildirib ki, bir sıra deputatların qaldırdığı məsələyə münasibət bildirməsə də, bu təkliflər onlar tərəfindən qeydiyyata alınıb.