“Bu gün Azərbaycan cəmiyyətini narahat edən məsələlərdən biri də rüsum və cərimələrlə bağlıdır. Bəzi rüsum və cərimələr arta-arta gedir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.
Deputat xatırladıb ki, bundan əvvəl parlament Ehtiyac meyarı, Yaşayış minimumu haqqında qanunları qəbul edib: “Həmin qanunlara baxaq görək insanlar bu cərimələri verə bilərmi?”.
Sabir Rüstəmxanlı qeyd edib ki, avtomobili küçədə saxlayırsan, keçib gedirsən və axşam evə məktub gəlir ki, 60 manat cərimə edilmisən: “Cəriməni bir qədər gecikdirirsən, faizi də üzərinə gəlir. Qoruyucu maskanı unudursan və dərhal cərimə olursan. Məncə, rüsumlar və cərimə məsələlərinə diqqət edilməlidir. Bu məsələlərlə bağlı narazılıq var”.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə Sabir Rüstəmxanlının fikirləri ilə razılaşmayıb: “Rrüsum və cərimələrdə 100 faiz artım yoxdur. Bəzi rüsumlar 20, bəziləri 30, bəziləri isə 50 faiz artır. Məsələn, şəxsiyyət vəsiqəsi və ya xarici pasportu insanlar 10 ildə bir dəfə alır.
Cərimələr isə ona görə müəyyən edilir ki, insanlar qanunları pozmasın. Cərimənin fəlsəfəsi qaydadır, pul yığmaq deyil”.