“2022-ci ildə lirənin dollar və digər xarici valyutalar qarşısında gücləndirəcək strateji addımlar atılacaq. Bunlar da Qərb dünyasının xoşuna gəlməyəcək. Bundan başqa, digər strateji hadisələr də baş verəcək. Xüsusən də Türkiyədə istehsal olunmuş beşinci nəsil qırıcılarının havaya qaldırılmasının şahidi olacağıq. Bunlarla yanaşı, digər ən müasir silahlar təqdim ediləcək. Türkiyə xalqı Ərdoğan hakimiyyətinin nə qədər gərəkli olduğunu əyani şəkildə bir daha görəcək. Bu baxımdan, Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə növbəti dəfə prezident seçiləcəyinə şübhəm yoxdur”.
Politoloq Natiq Mirinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək. Bundan əvvəl Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə görüşəcəyi açıqlanmışdı. Sizcə, Moskva niyə Brüsseli qabaqladı?
- Rusiyanın moderatorluğu ilə belə bir görüşün keçiriləcəyi gözlənilirdi, bu yöndə proqnozlar da var idi və bu, özünü doğrultdu. Bilirsiniz ki, 44 günlük müharibənin tam qələbə ilə başa çatmasına əngəl olan yeganə amil məhz Rusiya idi. Rusiyanın ciddi təzyiqləri və cəhdləri ilə bu savaş dayandırıldı. Yəni prosesi axıra qədər çatdırmağa imkan verilmədi. Ermənistan ordusunu Azərbaycan əsgərinin əlindən Rusiya aldı. Bir neçə təxribat baş verdi ki, Azərbaycan ordusu buna adekvat cavab verdi. Axırıncı təxribat noyabrın 16-da oldu. Azərbaycan ordusu buna da tutarlı cavab verdi. Həm canlı qüvvəsini, həm də mövqelərini itirən Ermənistanı yenə də Rusiya xilas etdi. Yəni Rusiya bu qarşıdurmanın daha böyük müharibəyə çevrilməsinin qarşısını aldı.
Belə bir durumda Avropa Birliyi Ermənistan vasitəsilə prosesə müdaxilə edərək, Rusiyanın bölgədəki üstünlüyünün qarşısını almağa çalışdı. Təbii ki, Rusiya buna razı ola bilməzdi. Digər yandan, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr sənədi var. Eyni zamanda, kommunikasiyaların açılması ilə bağlı 11 yanvar sənədi imzalanıb. Bu məsələlərin həll prosesində vasitəçi məhz Rusiyadır.
Ayrıca, Vətən müharibəsindən doğan konkret nəticələr var. Bu kontekstdə sərhədlərin müəyyənləşdirilməsi prosesi başlamalıdır ki, bu cür hərbi qarşıdurmaların qarşısı alınsın. Sərhədlər müəyyənləşməsə, ayrı-ayrı kənar qüvvələrin bölgəyə müdaxiləsi riski həmişə qalacaq ki, bu da həmişə müharibə təhlükəsi yaradacaq. Yəni sərhədlər müyyənləşməlidir, burada yenə də həlledici amil kimi Rusiya önə çıxır. Çünki SSRİ dövründə mövcud olmuş konkret xəritələr var. Həm Azərbaycan, həm də Ermənistan sərhədlərin bu xəritələr üzərində müəyyənləşməsinə razılıq verib. Bu məsələlərin həlli də Rusiyasız mümkün olmur.
Bu gün bölgədə əsas həlledici faktorlar Rusiya və Türkiyədir. Oyundankənar vəziyyətdə qalan Minsk qrupunun həmsdərləri – ABŞ və Fransa da yenidən prosesdə iştirak etmək istəyirlər.
- Bəs ABŞ və Fransanın məqsədləri nədir?
- Məqsədləri Rusiyanın bölgədəki hakim rolunu məhdudlaşdırmaqdır. Amma bunun üçün prosesə ədalətli yanaşma olmalıdır. Təəssüf ki, nə Fransa, nə də ABŞ baş verənlərə ədalətli yanaşır. Hələ də nə ABŞ, nə də Fransa səfiri 30 ilə yaxın işğalda qalan Azərbaycanın mədəniyyət mərkəzinə - Şuşaya gedib. Bununla Şuşanın azad edildiyini və Azərbaycanın ərazisi kimi qəbul etmədiyini göstərmək istəyirlər. Belə bir mövqe Azərbaycan tərəfindən qəbul oluna bilməz. Bu cür ədalətsiz yanaşmalarla bölgəyə qayıtmaq və gedən proseslərə təsir rıçaqları əldə etmək istəyirlər. Azərbaycan buna imkan verməz.
Bu dövlətlərin yanlışı budur ki, regionun ən güclü ölkəsi Azərbaycan və onun qardaşı Türkiyənin gücünü tanımadan müharibədə ordusu darmadağın edilmiş Ermənistan vasitəsilə bölgədəki maraqlarını təmin etmək istəyirlər. Bu, reallığa uyğun gəlmir və bunun perspektivi yoxdur. Bu dövlətlərlə ədalətli yanaşma ortaya qoysalar, Azərbaycan onların addımlarına dəstək ola bilər. Belə bir durumda da Rusiyanın moderatorluğu ön plana çıxır ki, Azərbaycan da buna etiraz etmir. Çünki bunun alternativi Azərbaycana müsbət heç nə vəd etmir.
- Bəs Rusiyanın moderatorluğu ilə keçiriləcək görüşdə nələr razılaşdırıla bilər?
- Düşünürəm ki, bu görüşdə əsasən sərhəd xətlərinin müəyyənləşdirilməsi məsələsi önə çıxacaq. Hesab edirəm ki, dəqiq sərhəd xərtləri bəlli olduqdan sonra hərbi təxribatların qarşısını almaq mümkün olacaq. Bundan sonra delimitasiya məsələsinə baxılacaq ki, bu da zaman aparan məsələdir. Amma məlum xəritələrdə sərhədlərin haradan keçdiyi dəqiq şəkildə göstərilir. Bu, uzun müddət davam edən proses olduğu üçün ilk növbədə, bunun razılaşdırılacağını düşünürəm. Bu baxımdan, əvvəlcə məsələnin texniki tərəfləri razılaşdırıla bilər. Bunun üçün işçi qrupu və komissiyalar yaradılacaq ki, onlar mütəmadi olaraq görüşərək, prosesi tənzimləyəcəklər. Hesab edirəm ki, ilkin addım bundan ibarət olacaq. Çünki Ermənistanın bugünkü hökuməti daha böyük addımlar atmağa hazır deyil.
Ermənistanda ciddi etirazlar var. Revanşist qüvvələr bu prosesi sabotaj etmək üçün hərəkətə keçiblər. Düzdür, hələlik kütləvi hal almayıb, Ermənistan cəmiyyətinin əsas hissəsi bunu dəstəkləmir, amma perspektivdə bunun belə olmayacağına kimsə zəmanət verə bilməz. Düşünürəm ki, Paşinyan hökuməti bunu nəzərə alaraq, daha kiçik addımlarla irəli getməkdə maraqlı olacaq.
Eyni zamanda, kommunikasiyaların açılmasının razılaşdırılması da ön planda olacaq. Bu məsələdə də fikir ayrılıqları var. Hesab edirəm ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri bu məsələnin həllində strateji qərar verə bilərlər. Bu baxımdan, Soçi görüşündən gözləntim çoxdur.
- Bəs Brüssel görüşündən?
- Bu görüşdən gözləntim çox deyil. Hesab edirəm ki, Brüssel görüşündə bəzi texniki məsələlərin həlli müəyyən mənada razılaşdırıla bilər. Bu kontekstdə hansısa formada bəyanatın verilməsi mümkündür. Yəni bu, bir növ “xala-xətrin qalmasın” deyə keçirilən görüşdür. Burada konkret strateji sənədin imzalanacağı gözlənilmir. Bu yöndə heç hazırlıq da yoxdur. Ermənistan hakimiyyətinin özü də buna hazırlıqlı görünmür. Amma bəzi məsələlər razılaşdırıla bilər.
Məsələn, təxribatların qarşısının alınması üçün Ermənistan və Azərbaycan müdafiə nazirləri arasında birbaşa rabitə əlaqəsinin qurulmasının razılaşdırılması mümkündür. Artıq bu yöndə razılaşmanın olduğu deyilir. Nikol Paşinyan sosial şəbəkədəki canlı yayımında da bunu təqdir etdiyini bildirdi və bunun artıq fəaliyyətə başladığını söylədi. Yəni bu yöndə müəyyən texniki məsələlərin həlli mümkün ola bilər. Ancaq əsas strateji qərarlar və ya “yol xəritəsi”nin Soçi görüşündə müəyyən olunması mümkündür. Belə bir gözlənti çox böyükdür.
- Türkiyədə lirənin kəskin şəkildə ucuzlaşması müşahidə olunur. Bu məsələ ətrafında müxtəlif fərziyyələr irəli sürülür, əsas fikir isə bundan ibarətdir ki, bu, Türkiyə qarşı oynanılan siyasi oyunun tərkib hissəsidir. Siz bu haqda nə düşünürsünüz?
- Türkiyədəki bu proses təkcə lirənin ucuzlaşması ilə bağlı deyil, bunun arxasında siyasi məqsədlər durur. Bu, Qərb və ya ABŞ-ın maliyyə institutlarının və kəşfiyyat orqanlarının apardığı əməliyyatdır. Yəni süni əməliyyatlarla lirəni ucuzlaşdırıb qiymət artmına səbəb olmaqla, Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hökumətə qarşı daxildə etiraz yaratmaq istəyirlər. Çünki 2023-cü ildə Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək. Bu seçkilərdən əvvəl ictimai-siyasi fikri Ərdoğanın əleyhinə yönəltməklə məqsədlərinə çatmaq istəyirlər. Məqsəd də Qərb kəşfiyyatının “casus yuvası”na çevirdiyi CHP, PKK terror təşkilatının siyasi qanadı HDP və digər bir sıra müxalif partiyaları ona qarşı birləşdirməkdir. Bu, uzaq strateji hədəfdir. Yaxın hədəf isə hökuməti erkən seçkilərə məcbur etməkdir. Çünki indiki məqamda belə bir seçkinin AKP hakimiyyətinin xeyrinə olmayacağını düşünürlər. Bunu da ona görə etmək istəyirlər ki, 2022-2023-cü illərdə Türkiyə üçün strateji və tarixi addımlar atılacaq. Bunlar AKP-nin cəmiyyətdəki mövqelərini gücləndirəcək ki, bu da seçkilərdə Cümhur İttifaqının qalib gəlməsinə şərait yarada bilər.
Bunun qarşısını almaq istəyənlər erkən seçkilərin keçirilməsinə zəmin yaratmağa çalışırlar. Amma bunun baş verəcəyini düşünmürəm. Çünki Türkiyədə siyasi və ya hakimiyyət böhranı, eləcə də hakimiyyət boşluğu da yoxdur. Ayrıca, Türkiyədə elə bir ciddi proses də getmir ki, AKP məcbur olub erkən seçkilərə getsin. Güclü Türkiyə hakimiyyəti və dövləti var, buna görə də, Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, seçilər 2023-cü ilin iyun ayında keçiriləcək.
Bütün bu çirkin oyunların əsas hədəfi Ərdoğandır. Dünyada ən güclü lider olan Rəcəb Tayyib Ərdoğan faktoru qlobal gücləri, xüsusən də ABŞ və Avropa Birliyini ciddi şəkildə narahat edir. Çünki o, müstəqil siyasət yürüdür, artıq kənardan idarə olunan Türkiyə yoxdur. Bu gün müstəqil, hərbi-siyasi baxımdan güclü, hərbi təchizatının 80 faizini özü təmin edən Türkiyə var. Bu, Türkiyənin “müttəfiqlər”inə sərf etmir. Buna görə də, Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq üçün hər vasitəyə əl atırlar. Düşünürəm ki, buna nail ola bilməyəcəklər.
- Yəni Rəcəb Tayyib Ərdoğan 2023-cü il seçkilərində öz yerini qoruya biləcək?
- 2022-ci ildə lirənin dollar və digər xarici valyutalar qarşısında gücləndirəcək strateji addımlar atılacaq. Bunlar da Qərb dünyasının xoşuna gəlməyəcək. Bundan başqa, digər strateji hadisələr də baş verəcək. Xüsusən də Türkiyədə istehsalı olunmuş beşinci nəsil qırıcılarının havaya qaldırılmasının şahidi olacağıq. Bunlarla yanaşı, digər ən müasir silahlar təqdim ediləcək. Türkiyə xalqı Ərdoğan hakimiyyətinin nə qədər gərəkli olduğunu əyani şəkildə bir daha görəcək. Bu baxımdan, Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə növbəti dəfə prezident seçiləcəyinə şübhəm yoxdur.