Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Azərbaycan-Ermənistan sərhədində baş verənlərin arxasında nə dayanır?
- Bu hadisələr 2020-ci il 10 noyabr bəyanatından sonra baş verir. Gərginlik onu göstərir ki, Ermənistan yenidən konfrantasiya yolunu seçib. Bu hadisələrdən öncə erməni rəhbərliyi mümkün görüşlərdən yayınıb. Hətta açıq şəkildə bəyanat da səslənib ki, onlar qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması məsələsində maraqlı deyil. Həmçinin Zəngəzur dəhlizinə aid də müxtəlif fikirlər səslənirdi ki, onlar Azərbaycana belə bir dəhliz verməyəcək.
Müşahidə edilən odur ki, qarşı tərəf münaqişənin davam etməsində maraqlıdır. Amma erməni tərəfi yaxşı başa düşür ki, Qarabağda olan məsələlər artıq öz həllini tapıb. Artıq Qarabağda müəyyən məsələlərin həlli üçün sadəcə zaman lazımdır. Əsas məqam odur ki, artıq Ermənistanın heç bir hüquqi yoxdur ki, orada nəsə bir addım atsın. Buna cəhdlər olsa da qanuni baxımdan formalaşmış strukturda Ermənistanın yeri yoxdur.
- Sizcə, Ermənistan bu məsələdə hansı formada mövqe axtarmağa çalışır?
- Sözsüz ki, bu reallıqlar fonunda Ermənistan sərhəd məsələsini gündəmə gətirib. Erməni tərəfi hesab edir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanısalar o zaman tarixən dəstəklədikləri “Miatsum” və Qarabağı Ermənistana birləşdirmək “ideyası” da bitmiş olacaq. Ona görə də, erməni tərəfi təxribatlarla sərhəd məsələsini təmas xətti məfhumuna dəyişdirməyə cəhd edir.
- Bu necə baş verə bilər?
- Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan orada elə bir təmas xətti formalaşdırmağa çalışır ki, təminatı erməni ordusundan başqa digər hansısa qüvvələr təşkil etsin. Görünən odur ki, məhz son təxribatlardan sonra Ermənistan rəhbərliyi müxtəlif paytaxtlardan yardım istəyir. Erməni tərəfi əvvəl bu məsələdə digər qüvvələrdən vasitəçilik istəsə də sonrakı mərhələdə müşahidəçilər, növbəti mərhələdə isə hansısa bir sülhməramlıların olmasına imkan yaratmaqdan ibarətdir.
- Rus sülhməramlıları olduğu halda ikinci bir faktora nə dərəcədə ehtiyac var?
- Rus sülhməramlıların Qarabağda olması bu o demək deyil ki, onların mandatı sərhədə də şamil olunur. Erməni tərəfinin arzusu odur ki, başqa bir beynəlxalq qurum bura cəlb edilsin.
- Bunu erməni tərəfinin vəziyyəti dondurmaq cəhdi kimi dəyərləndirmək olar?
- İndi ermənilər çalışırlar elə bir vəziyyət yaratsınlar ki, onların Qarabağa aid mövzularda təxribatları və siyasəti davam etsin. Amma öz sərhədləri üçün hansısa bir təminat formatını almağa çalışırlar. Bu təminatda ruslar və digərlərinin olması da onlar üçün məqbuldur. Məhz bu hadisələr Ermənistanın keçmiş müdafiə nazirinin qanunsuz olaraq Qarabağa səfərindən sonra baş verdi. Çünki onun Xankəndiyə gəlişi Azərbaycan müdafiə nazirinin tankın üstündə Naxçıvana getməsinə dəvət kimi qiymətləndirilməlidir. Çünki bu, müharibəyə səbəb olacaq əsas idi. Ermənistan öz ərazi bütövlüyü ilə bağlı beynəlxalq birliyə çağırışlar edir, dəstək istəyir, amma Azərbaycanın ərazi bövlüyünü pozmağa çalışır. Sözsüz ki, Azərbaycan bundan mümkün qədər yararlanmalıdır.
- Sizcə, delimitasiya və demarkasiya prosesi necə həyata keçirilməlidir?
- Delimitasiya və demarkasiya texniki bir məsələdir. Bunun siyasi əsası mütləq halda ölkələrin bir-birinin ərazi bütövlüyünü tanınmasından sonra mümkün olacaq. Amma Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa belə bunu özləri üçün ikinci dərəcəli bir amil kimi dəyərləndirəcəklər. İddia edəcəklər ki, Azərbaycan ərazisində olan ermənilərin “müqəddəratını” təyin etmə hüququ var.
- Sizcə, Paşinyan nəzərdə tutulan görüşlərdə sona qədər səmimi olacaqmı?
- Paşinyana belə görüşlərlə bağlı 4 dəfə təklif edilib. O isə müxtəlif bəhanələr gətirib. Bəzən deyib ki, müxalifət buna razı deyil. Amma bunlar onun özünün daxili işidir. Sözsüz ki, burada söhbət ərazi iddialarından gedir. Bu məsələlər Ermənistan konstitusiyasında da öz əksini tapıb. 10 milyonluq Azərbaycana, 90 milyona yaxın Türkiyəyə qarşı 2 milyonluq Ermənistanın ərazi iddiaları olduqca absurd görünür.
- Soçi görüşü ilə bağlı gözləntilər nədən ibarətdir?
- Soçi görüşünün davamı Brüsseldə olacaq. Ona görə də, bu görüşlər arasında bir bağlılıq var. Eyni zamanda Paşinyanın görüş öncəsi sərgilədiyi bir mövqeyi də var. Yəni o, görüşlərdə belə bir mövqenin də nümayiş ediləcəyini demək istəyirdi. Əslində Brüsseldə elə bir ciddi məqamların gündəmdə olacağı proqnozlaşdırılmır. Orada formal bir görüşün olacağı gözlənilir.