24 Noyabr 2021 17:19
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Qarabağ müharibəsindən sonra regionda yeni bir reallıq yaranıb. Bu reallıq bölgə dövlətlərinin qarşılıqlı əlaqələrini özündə ehtiva edir. Regionda mümkün kommunikasiyaların açılması fonunda əlaqələrin və əməkdaşlığın yeni bir formatı meydana çıxa bilər. Məhz bu məsələni reallığa çevirən amil Zəngəzur dəhlizinin açılması fonunda mümkün olacaq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bu mənada Zəngəzur dəhlizi və Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılması əleyhinə Nikol Paşinyanın yanaşmalarının da əsassız olduğunu söyləyib:

“10 noyabr 2020-ci il razılaşmasında maneəsiz hərəkət ifadəsi yer alıb ki, bu da nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutur. Ona görə də N.Paşinyan iddia etdiyi kimi dəhliz ifadəsinin Laçın koridoruna münasibətdə işlədilməsi də absurddur. Eyni zamanda erməni baş nazir unudur ki, Laçın koridoru ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi də yoxdur. Digər tərəfdən əgər Ermənistan Laçın dəhlizindən istifadə edirsə, bəs onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin? Əgər hər iki tərəf linqivistik barrikada qurmaqla məşğul olacaqsa, onda regionda kommunikasiyaların açılmasında hər hansı irəliləyiş olmayacaq”.

Millət vəkilinə görə, regionda Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın maraqlarına xidmət edəcək:

“Çünki Azərbaycan İran vasitəsilə və hava yolları ilə Naxçıvanın blokadadan çıxmasını hələ uzun müddət bundan əvvəl təmin edib. Eyni zamanda Naxçıvanın Türkiyə və İranla sərhədi var. Ermənistanın isə elə bir seçim imkanı yoxdur. Bununla belə Gorus-Qafan yolunda Ermənistana artıq ilkin dərs verilib. Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri qurulub. Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum toplanılır. Məhz vəziyyətin bu həddə gətirilməsində də günahkar Ermənistan özüdür. Paşinyanın iddia etdiyi Tatev yolu istifadəyə yararsızdır. Yük avtomobillərinin hərəkəti isə ümumiyyətlə qeyri-mümkün həddədir. Ona gördə, Ermənistanın digər məsələlərdə yaratmış olduğu əngəllər onun özü üçün növbəti zərbələr olacaq”.


Müəllif: Tapdıq Qurbanlı