ABŞ Prezidenti Co Baydenin 9-10 dekabr tarixlərində internet üzərindən ev sahibliyi edəcəyi Demokratiya Sammitinə dəvət edilən ölkələrin siyahısı ABŞ Dövlət Departamentinin rəsmi səhifəsində dərc edilib.
Teleqraf.com xəbər verir ki, sammitə dəvət olunan ölkələr arasında Azərbaycan və Türkiyə yoxdur.
Bunlardan başqa, Çin, Rusiya, Macarıstan və Vyetnam dəvət olunmayıb.
Bayden administrasiyası Misiri dəvət etməsə də, siyahıda İraq və İsrailin yer alıb.
Tayvanın siyahıda olması Çinin sərt təpkisinə yol açıb.
Çin Xarici İşlər Nazirliyi mövzu ilə bağlı açıqlama verib:
“Çin ABŞ-ın Tayvanı Demokratiya Sammitinə dəvət etməsinə qarşıdır. ABŞ demokratiyadan digər ölkələrə təzyiq və dünyanı parçalamaq üçün alət kimi istifadə edir”.
Kremldən verilən açıqlamada da Baydenin Demokratiya Sammitinin dünyanı parçalamaq məqsədi daşıdığı bildirilib:
“Biz zirvəyə müsbət yanaşmırıq. Bu, yeni ayırıcı xətlər yaratmaq cəhdindən başqa bir şey deyil. 1990-cı illərin əvvəllərində ayırıcı xətləri azaltmaq və aradan qaldırmaq üçün mübarizə apardıq, amma indi ABŞ ölkələri “yaxşı” və “pislər”ə bölən yeni ayırıcı xətlər yaratmağa üstünlük verir”.
Sammitə ümumilikdə 110 ölkə dəvət olunub.