24 Noyabr 2021 17:48
1 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə hakimiyyətə gələn Ermənistanın Baş naziri Nikol Paşinyanın əsas siyasi təlimatları Rusiyanın ölkədə olan nüfuzunun aşağı salınmasından, rus təhsilli kadrların vəzifədən uzaqlaşdırılmasından, hüquq-mühafizə orqanlarında, silahlı qüvvələrdə Rusiya tabeliyində olan və Rusiyanın birbaşa göstərişlərini icra edən ixtisaslı kadrların vəzifədən uzaqlaşdırılmasından, onların təqaüdə göndərilməsindən ibarət olmuşdu. Digər strateji hədəf isə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi İttifaqından çıxarılması idi. Proseslər bir-birinin ardınca zəncirvari şəkildə inkişaf etməli idi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Ermənistanda son vaxtlar güclənən anti-Rusiya meylləri ilə bağlı fikirlərini bölüşən İlyas Hüseynov qeyd edib ki, Vətən müharibəsindən sonrakı proseslərdə də biz müşahidə edirik ki, ilkin vaxtlarda əgər Rusiyaya yarınmaq, onun istəklərini yeriə yetirmək, Rusiya ilə strateji münasibətləri, müttəfiqlik əlaqələrini dərinləşdirməklə bağlı çağırışlar var idisə, hazırkı proseslərdə yenidən daha çox Rusiyanın tabeliyindən qaçamq, onun himayəsindən imtina etmək, daha çox dəstəyi Qərbdə axtarmaq, Qərbə səfərlər etmək, Qərblə təmasları dərinləşdirmək kursunu rəsmi İrəvan həyata keçirir:

“Biz həm də müşahidə edirik ki, Ermənistandakı 102-ci hərbi bazanın rəhbərinin müdafiə naziri Arşak Karapetyanla görüşlər keçirməsindən sonra onun vəzifədən kənarlaşdırılması və hərb sahəsində heç bir səriştəsi olmayan Suren Papikyan vəzifəyə təyin olundu. Burada məsələ onun hərbi bilik və bacarıqlarının, vərdişlərinin olub-olmamasından asılı deyil. Əsas məsələ Paşinyana sadiqliyi ilə seçilən bir kadrın vəzifəyə təyin olunmasıdır”.

İlyas Hüseynov deyib ki, digər məsələ də daxildə gedən proseslərlə əlaqədardır:

“Hazırda Nikol Paşinyana qarşı real müxalifət “Hayastan” blokudur. Bu blokda nəinki eks-prezident Robert Köçəryan, həmçinin “Daşnaksütyun”un rəhbəri İşxan Saqatelyan da yer alıb. Heç kimə sir deyil ki, bu koalisiyanın Rusiya tərəfindən dəstəklənməsi həyata keçirilirdi. Növbədənkənar seçkilər elan olunar-olunmaz Robert Köçəryan Rusiyanın “Birinci kanal”ında Vladimir Poznerə müsahibə verirdi. Eyni zamanda Rusiya ciddi şəkildə Ermənistanda baş verən prosesləri izləyir. Rusiyanın təşkil etdiyi tədbirlərə erməni rəsmilərinin gəlməməsi, açıq şəkildə Rusiyaya qarşı saymazyana münasibət, eləcə də Rusiyaya qarşı radikal əhval-ruhiyyədə olan şəxslərin və ya siyasi qüvvələrin İrəvanın əsas küçə və prospektlərində anti-Rusiya, anti-Putin şüarlarını səsləndirməsi müşahidə olunur. Son dövrlərdə ciddi şəkildə siyasi qüvvəyə çevrilmiş Sasna-Tsrer partiyasının rəhbərliyi və orada funksioner olan şəxslər Rusiyaya çox açıq şəkildə meydan oxuyurlar. Ölkədə Rusiya ilə Ermənistan arasında müttəfiqlik əlaqələrinin saxta olması və Ermənistanın Rusiya tərəfindən açıq şəkildə idarə olunması prosesinə diqqət çəkirlər”.

Müsahibimizin sözlərinə görə, Ermənistan əhalisinin əsas istəyi ondan ibarətdir ki, hazırkı iqtidar Rusiyanın geosiyasi vektorundan çıxarılsın və Qərbdə özünə dəstək axtarsın:

“Ermənistanın əsas istəyi bundan ibarətdir ki, regionda əsas söz sahibi olan Rusiyanın nüfuzu sarsılsın və mövqelər təkcə Kremldən asılı olmasın, burada rəsmi Paris və Vaşinqtonun da iştirak etməsi nəzərdən keçirilsin. Rəsmi İrəvan bu istiqamətdə fəaliyyət göstərir, buna görə də Rusiyaya qarşı saymazyana münasibət var. Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş sülhməramlıların diskreditasiyası prosesi gedir, eyni zamanda aktiv şəkildə Rusiyanı KTMT ilə şantaj edirlər ki, Ermənistanla bağlı təhlükəs izlik tədbirləri olanda Rusiya və onun təsisçisi olduğu hərbi-siyasi blok Ermənistanın arxasında dayanmır, birbaşa proseslərə müdaxilə etmir. Brüssel görüşünün keçirilməsi ilə bağlı Nikol Paşinyanın müraciəti də rəsmi Moskva tərəfindən diqqətlə izlənilir. Elə bunun nəticəsidir ki, Rusiyanın proseslərə müdaxilə etməsi nəticəsində noyabrın 26-da Soçidə üçtərəfli görüş keçiriləcək”.


Müəllif: Səxavət Həmid