“Nikol Paşinyanın üçtərəfli görüş üçün Soçiyə getməsi sözsüz ki, İrəvanda narazılıq yaratmalıdır. Amma biz unutmamalıyıq ki, Paşinyanın tərəfdarları da çoxdur. Onun müharibədən sonra seçkilərdə qalib gəlməsi də bunun bariz nümunəsidir”.
Bunu Teleqraf.com-a sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib.
O xatırladıb ki, əvvəllər də Paşinyanı dəstəkləyən qüvvələrin çox olub:
“Ermənistanda müxalifət ayrı-ayrı hissələrə bölünüb və onların ardınca gedən yoxdur. Üstəlik bu qüvvələr 20 il Ermənistana rəhbərlik edib və erməni xalqını faciələrə doğru aparıb.
Bu öz yerində, amma Nikol Paşinyanın imzalayacağı sənədlərdən nigaran qalan erməni toplumu sözsüz ki, küçələrə çıxaraq narazılığını ifadə etməlidir. Bu narazılıq, mitinq və etirazlarla təsir etmək istəyirlər ki, Paşinyan ehtiyatlı olsun. Yəni bəzi məsələlər ortaya çıxanda desin ki, İrəvanda xalq qəbul etmir, ona görə buna imza ata bilmərəm və s. Yəni prosesə erməni prizmasından yanaşmaq vacibdir. Əslində bunlar siyasi oyunlardır. Məncə, bunlara normal baxmaq lazımdır”.
Professorun fikrincə, İrəvandakı narazılıqların kökü yuxarıda qeyd etdiyi məqamdan qaynaqlanır: “Bu siyasi oyundur. Ermənistanda fərqli düşünən erməni qrupları ən dar gündə bir-birinə pas ötürmək istəyirlər. Məncə, vacibi Soçidəki müzakirələrdir. Orada tərəflərin müzakirəsi məsələləri daha aydın şəkildə ortaya qoyacaq”.