“Savaş olacaqsa, Rusiya qarşısında təkcə Ukraynanı deyil, bütövlükdə şərqi Avropa ölkələrini görəcək”
Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev Teleqraf.com-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Azər müəllim, sön dövrlər Ukrayna-Rusiya münasibətləri ən gərgin dövrünü yaşayır. Bu baxımdan siz, vəziyyəti necə xarakterizə edirsiniz, danışıqlar üçün imkan pəncərəsi tam qapanıbmı?
- Həqiqətən də bu gün Ukrayna-Rusiya münasibətləri ən kəskin və gərgin fazaya qədəm qoyub. Təbii ki, bu vəziyyətin daim gərgin saxlanılmasında birbaşa Rusiya maraqlı tərəf kimi görünür. Mövcud duruma Rusiyanın maraqları prizmasından yanaşanda aydın sezilir ki, rəsmi Kreml hər zaman Ukraynanı müxtəlif şantaj və hərbi avantüralara məruz qoymaqla Kiyevi Qərbin və ABŞ-ın maraq dairəsindən uzaqlaşdırmağa çalışır. Bu məsələdə Ukrayna ötən illərdən fərqli olaraq son dərəcə ehtiyatlı və soyuqqanlı siyasət yürüdür. Çünki, rəsmi Kiyev çox gözəl anlayır ki, Rusiya və Belarusu qarşıda Qərbin növbəti iqtisadi siyasi sanksiyaları gözləyir. Rusiya isə bu sanksiyalardan həm özünü, həm də onun üçün strateji əhəmiyyətə malik olan Belarusu qorumaq üçün Ukraynanı hərbi ritorika ilə təhdid etməklə diqqəti bu istiqamətə yönəltməyə çalışır. Bu məsələdə Rusiya daha çox ehtiyatlı siyasət yürütməlidir. Ona görə ki, Qərb, xüsusən də ABŞ nəyin bahasına olursa olsun Rusiyadan Avropaya çəkilən Şimal axını layihəsinin qarşısını almaq üçün Moskvanın Ukraynaya qarşı yürütdüyü hərbi təhdid siyasətini əldə əsas tutaraq, tətbiq edəcəkləri iqtisadi sanksiyaların müddətini tezləşdirməyə cəhd göstərir. Bu baxımdan Ukrayna həmişə olduğu kimi, yenə də Rusiya ilə Qərb arasında aparılan soyuq müharibənin poliqonu qismində görünür.
Belə olan halda istər Ukrayna, istərsə də Rusiya tarixin bütün dönəmlərində olduğu kimi, mövcud gərginliyi siyasi dialoqla aradan qaldıracaqlar. Bunun üçün hər iki dövlətin və xalqın uzun əsrlərə söykənən qohumluq və qonşuluq əlaqələri mövcuddur. Düşünürəm ki, münasibətlər informasiya sferasında gərgin görünsə də, nəticə olaraq siyasi dialoq və diplomatiya bu qarşıdurmanın pik həddə çatmasının qarşısını alacaq.
- ABŞ ötən həftə Rusiyanın Ukraynanı işğal edə biləcəyinə dair Avropanı xəbərdar edib. Bu iddiaya nə dərəcədə doğru saymaq olar?
- Düşünürəm ki, bu açıqlama sonradan öz təsdiqini tapmadı. Bu gün hər birimizə məlumdur ki, dünyada böyük müharibə və savaş informasiya sferasında aparılır. Son illər, dəfələrlə Qərb mətbuatı Rusiyanın Ukrayna sərhədlərində hərbi texnika və qoşun hissələri yığması haqda məlumatlar yayıblar. Sonradan bu informasiyalar öz təsdiqini tapmayıb. Əslində Rusiyanın Ukraynada müharibə aparmaq istəyi olsa bunu özünəməxsus klassik ənənəsindən istifadə etməklə həyata keçirə bilər. Klassik ənənə deyərkən Krım, Donbas, Dnestryanı, Abxaziya, Asetiya və Qarabağ strategiyasını nəzərdə tuturam. Rusiya hələ heç bir ölkəyə qarşı açıq müharibə aparmayıb. Düşünürəm ki, bu gün də aparmayacaq və buna ehtiyacı da yoxdur. Klassik metodu olan ölkənin açıq müharibə nəyinə lazımdır? Buna beynəlxaq terminologiyada "sürünən aneksiya" deyirlər. O aneksiya ki, neçə illərdir Rusiya bölgədə həyata keçirir və buna məruz qalan ölkələrdə məcbur onun arxasınca sürünür.
- Siz hazırda Rusiya-Ukrayna arasında hər hansı bir silahlı qarşıdurma gözləyirsinizmi?
- Düşünürəm ki, bu qarşıdurma yalnız və yalnız virtual informasiya sferasında mövcud olacaq. Mən inanmıram ki, iki ölkə arasında hər hansı bir silahlı qarşıdurma olsun. Yuxarıda da qeyd etdim ki, bu gün belə bir qarşıdurma Rusiyanın da maraqlarına xidmət eləmir.
Birincisi, Rusiya çox gözəl anlayır ki, onun Ukraynaya növbəti həmləsi Ukrayna xalqını və cəmiyyətini daha sıx birləşdirəcək.
İkincisi, belə bir hal baş versə hər iki tərəfdən böyük itkilər ola bilər. Çünki Ukrayna son illər hərbi texniki arsenalını müasir silahlarla təchiz edib, müdafiə imkanlarını NATO standartlarına uyğunlaşdırıb. Rusiya da bunun fərqindədir.
Üçüncüsü, vacib amil ondan ibarətdir ki, belə bir hərbi savaş olacağı təqdirdə Rusiya qarşısında tək Ukraynanı deyil, bütövlükdə Şərqi Avropa ölkələrini görə bilər. NATO blokuna üzv ölkələrində bu savaşa necə qoşulacaqlarını nəzərə alsaq, Rusiyanın düşəcəyi real durumu açıq aydın sezmək olar. Bu baxımdan düşünürəm ki, rəsmi Kreml bu reallığı görə-görə siyasi intiharına hökm verməz. Bu həm Rusiyanı parçalaya, həm də Putin hakimiyyətini süquta uğrada bilər.
- Sirr deyil ki, Rusiya Ukrayna ilə sərhədlər yaxınlığında hərbi texnika və canlı qüvvə cəmləşdirib. Sizcə, Moskvanın bu mərhələdə məqsəd və məramları nədir, onlar güc nümayişi vasitəsilə nəyə nail olmağa çalışırlar?
- Əslində Ukrayna bu proseslərdə nisbətən olsa da qurbana çevrilib. Bundan sonra Ukrayna yenə qurbana çevriləcəksə bu qurbanın ünvanı kimi Qərb və ABŞ görünəcək. Bu isə inandırıcı deyil. Artıq Ukrayna bölgədə gedən prosesləri yetərincə analiz etmək qüdrətindədir. Ona vurulan zərbənin reanimasiya şokunu yaşayıb və bir daha belə durumla üz üzə gəlməməsi üçün kifayət qədər gücünü səfərbər edib. Düşünürəm ki, bu gün Ukrayna zəif bənd kimi görünsədə Avroatlantik məkanın bir parçasına çevrilməkdədir.
- Mümkündürmü Ukrayna Rusiya-Qərb danışıqlarında qurbana çevrilsin?
- Qərb üçün Ukrayna artıq Rusiya ilə münasibətlərdə qırmızı xətt kimi qəbul olunub. Bu cizgi tapdanarsa, deməli, tapdanan tək Ukraynanın deyil, Qərbin və ABŞ-ın siyasi heysiyyatı kimi xarakterizə olunacaq.
- Türkiyənin Ukraynaya müasir dronlar verməsi Moskva tərəfindən kəskin etirazla qarşılanır. Ukrayna məsələsi Rusiya və Türkiyəni üz-üzə gətirə bilərmi?
- Türkiyə ilə Ukrayna arasında münasibətlərin kökü uzun əsrlərə söykənir. Bunu Rusiya çox gözəl bilir. Türkiyə Rusiya ilə münasibətlərinin nə qədər yaxşı və pis olmasına baxmayaraq həmişə prinsipal məsələlərdə Ukraynanın yanında olmağı nümayiş etdirib. Bu gün də Türkiyə havadan hücum və müdafiə sistemlərini Ukraynaya satmaqla, böyük siyasətdə etibarlı tərəfdaş olmaq prinsipini ortaya qoyur. Söhbətimin əvvəlində dediyim kimi, Ukrayna ötən illər ərzində hərbi arsenalını yetərincə təkmilləşdirib. O cümlədən, ona dost və strateji tərəfdaş ölkə olan Türkiyədən Qarabağ savaşının taleyini həll edən "Bayraqdar" pilotsuz uçuş aparatlarını da hərbi arsenalına daxil edib. Bunu Türkiyədə, Ukraynada açıq aşkar bəyan ediblər. Təbii ki, Rusiya bu məsələdən narahatdır. Onu da nəzərə alır ki, Türkiyə müstəqil dövlət olaraq öz istehsalı olan silahları istədiyi ölkələrə sata bilər.