27 Noyabr 2021 17:13
2 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan üçtərəfli bəyannamənin hər bir bəndini sürətlə icra etməlidir. Dünən Soçidə bununla bağlı müvafiq sənəd imzalandı. Söhbət kommunikasiyaların açılmasından, sərhədlərin delimitasiyasından gedir. Bununla bağlı qərarlar verilib və ümidvaram ki, sürətlə həyata keçiriləcək”.

Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Asim Mollazadə Soçi görüşünün nəticələri haqqında danışarkən deyib.

Bu görüşdə Azərbaycanın istədiklərini əldə etdiyini bildirən deputat əlavə edib ki, əslində Ermənistan üçün xilas şans yaranıb: “O mənadakı Ermənistan ərazi iddialarına son qoyaraq bölgədə normal dövlətə çevrilsin və bütün bölgə əməkdaşlıq, qarşılıqlı maraqlar əsasında iqtisadi inkişafa nail olsun. Bunda da hamının marağı var. Məsələn, Rusiya prezidenti açıq elan etdi ki, Zəngəzur dəhlizinin açılmasında onun ölkəsinin böyük marağı var. Azərbaycan isə müharibə başa çatan gündən elan edir ki, bu dəhliz açılmalıdır. Mənə elə gəlir ki, bu bölgədə artıq kimlərinsə müharibəyə qayıtmaq iddiasına son verildi. Müharibəyə qayıtmağa icazə verilməyəcək və stabilliyin qarantiyasını da bölgədə kifayət qədər gücə malik ölkələr təmin edəcək. Mənə elə gəlir ki, Rusiya və Türkiyənin birgə Monitorinq Mərkəzinə yüksək qiymət vermək bu istiqamətdə olan mühüm işarədir”.

Asim Mollazadə qeyd edib ki, Soçi təması bundan öncə qəbul edilən üçtərəfli razılaşmanın icrasına yönəlik uğurlu görüşdür: “Məsələlər artıq öz həllini tapıb, Azərbaycan dövləti BMT-nin qətnamələrini icra edib, Minsk Qrupunun üzərinə düşən işləri yoluna qoyub. İndi bölgədə hamının maraqları iqtisadi baxımdan üst-üstə düşdüyü üçün revanşist qüvvələrin oyun oynamasına imkan verilməyəcək. Soçi görüşünün nəticələrini uğurlu hesab edirəm. Azərbaycan bu görüşdə istədiklərinə nail oldu”.


Müəllif: Nemət

Oxşar xəbərlər