Azərbaycan hər zaman regional əməkdaşlığa xüsusi önəm verib. Azərbaycanın fəal münasibətdə olduğu beynəlxalq qurumlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır.
Ölkəmizin İƏT-in fəal üzvü olması, beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlığı beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə irəli sürdüyü ideyalar zamanı gəldikcə həyata vəsiqə qazanır.
Belə ki, Ulu Öndər 2002-ci ildə İstanbulda keçirilən İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış etmişdi. 2006-cı ildə isə İƏT-in Bakıda keçirilən 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb. 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə keçirilən 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalandı. İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir. Artıq Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinə başlayıb, sıfırdan yeni şəhər və kəndlər salmağa başlayıb.
Artıq Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edilməsi kontekstində Azərbaycan Prezidenti İƏT-də qurucu lider kimi tanınır. Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad edərək öz ərazi bütövlüyünü bərpa etdi. Regionda yeni reallıq yaradan Azərbaycan məğlubiyyətin fəlakətli nəticələrə gətirib çıxardığı Ermənistanı sülh sazişi üzərində işə başlamağa dəvət etdi və kommunikasiyaların açılmasının vacibliyini önə çəkdi. Soçi görüşündən sonra Ermənistan bu çağırışlara artıq müsbət reaksiya verməyə başlayıb. Bu da regionda sülh və təhlükəsizliyin təmin olunması və region ölkələrinin inkişafı üçün çox əhəmiyyətlidir. Aşqabad sənədində Azərbaycan xalqına və hökumətinə işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik ünvanlanıb.
Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Hesabatlarda Zəngəzur dəhlizindən danışılması bu layihənin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsidir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan Prezident İlham Əliyevin diplomatik məharəti nəticəsində beynəlxalq aləmdə güclü söz sahibinə çevrilir.