Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Asim müəllim, Brüsseldə Soçi görüşündə müzakirə olunmayan hansı məsələlərin gündəmdə olacağı gözlənilir?
- İndi reallıq ondan ibarətdir ki, status məsələsi birdəfəlik həll edilib. Bu məsələdə Azərbaycana heç kəs təzyiq göstərə bilməz. Çünki bu, beynəlxalq hüquq normalarına ziddir. Kimsə öz ərazisində yaşayan ermənilərə “status” vermək istəyirsə, bu, onların daxili məsələsidir. Misal üçün Fransanın bəzi şəhərlərində ermənilərin sayı Azərbaycan ərazisində yaşayan ermənilərdən qat-qat çoxdur. Ona görə də, orada yaşayan ermənilərə sərbəst şəkildə hansısa bir status verə bilərlər. Amma Azərbaycan ərazisində hansı bir məsələnin həlli ancaq xalqımızın iradəsindən asılıdır.
- Azərbaycanla Ermənistan arasında mümkün sülh prosesinin uzanacağına dair fikirlərin əsası varmı?
- Əslində bu prosesi uzatmaq istəyən qüvvələr var. Amma onlar heç nəyə nail olmayacaqlar. Çünki Azərbaycanın qarşısında duran ən əsas məsələ "Böyük Qayıdış" layihəsini gerçəkləşdirməkdən ibarətdir. Eyni zamanda Qarabağda mümkün bərpa-quruculuq işlərinə, kommunikasiya xəttlərinin açılmasına nail olmaqdır. Bununla da bölgəni əməkdaşlıq bölgəsinə çevirmək vacib prinsip kimi qəbul edilib. Kimsə bu proseslərə zidd olan hansısa bir aqressiv addımlar atmağa cəhd edəcəksə, sözsüz ki, "Dəmir yumruq" yerindədir. Ona görə də, bu məsələlərə maneə olmağa edilən bütün cəhdlərə lazımi cavab verilir.
- Bölgə ölkələrinin mümkün əməkdaşlığa yanaşmaları nə dərəcədə realdır?
- Bu bölgədə olan ölkələr kommunikasiyaların açılması, regionda azad ticarət və mübadilə sisteminin formalaşmasında maraqlıdır. Bunun əleyhinə kimsə hansısa addım ata bilməz.
- Aşqabadda Türkmənistan qazının İran üzərindən Azərbaycana çatdırılması ilə bağlı razılıq əldə edildi. Bu razılaşmanın bir qədər əvvəl yaşanan gərginlik fonunda əhəmiyyəti nə dərəcədə böyükdür?
- Bütün proseslər məhz Azərbaycanın təqdim etdiyi layihələr əsasında inkişaf edir. Azərbaycanın məqsədi strateji əməkdaşlıq, tərəfdaşlıq hamının maraqlarına uyğun iqtisadi və nəqliyyat sistemlərinin formalaşmasıdır. Azərbaycanın strategiyası kiminsə, üzərində əldə olunan qalibiyyət fonunda əraziləri, resursları zəbt etmək deyil. Ölkəmizin hədəfləri məhz əməkdaşlıq, tərəfdaşlıq nəticəsində hamının proseslərdən qalib çıxmasıdır.