1 Dekabr 2021 13:46
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq müstəvidə mövqelərini gücləndirməkdə davam edir. Ölkəmiz İkinci Qarabağ müharibəsində qazandığı parlaq qələbə ilə regionda yeni reallıqlar yaradıb. Yeni reallıq dünya ölkələri tərəfindən qəbul olunur. Məhz bu mənada İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycana verdiyi önəm xüsusilə qeyd edilməlidir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan hər zaman İqtisadi Əməkdaşlıq Təşkilatının işində fəal iştirak edir: “Ölkəmiz İƏT-ə üzv dövlətlərlə sıx münasibətlərə malikdir. Türkmənistanın paytaxtı Aşqabad şəhərində İƏT-in XV Zirvə görüşündə Azərbaycanın fəal üzv kimi münasibətləri dostluq və qarşılıqlı hörmət əsasında qurduğu önə çəkildi. Ölkəmiz beynəlxalq platformalarda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir. Aşqabad görüşündə dövlət başçısı tərəfindən Zəngəzur dəhlizinin reallığa çevrildiyi diqqətə çatdırıldı. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Gələcəkdə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin bu dəhlizdən istifadə edəcəkləri şübhə doğurmur. Dəhliz bir çox ölkələrin, o cümlədən İƏT üzvü olan dövlətlərin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, mühüm iqtisadi mənfəət və siyasi dividend qazanmasını şərtləndirəcək”.

Millət vəkili hesab edir ki, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan yaşıl enerji bölgələri formalaşdırır:

“Bu, Azərbaycan Prezidentinin İƏT-də də “qurucu lider” kimi tanınmasını təmin edib. Zirvə Toplantının yekun sənədində əks olunan məsələlər Azərbaycanın milli-strateji maraqlarına cavab verir və yeni mərhələdə ölkəmizin mühüm rolunu, yüksək statusunu əks etdirir. Sənəddə Azərbaycan xalqı və hökumətinin ərazilərin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilməsi isə xüsusi vurğulanmalıdır. Bu, bir daha onu göstərir ki, 44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycanın yaratdığı reallıqlar təkcə respublikamız deyil, bütövlükdə region dövlətləri və güc mərkəzləri, o cümlədən İƏT üzvü olan dövlətlər üçün önəmlidir”.


Müəllif: Tapdıq Qurbanlı