1 Dekabr 2021 18:56
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin Ukrayna məsələsində vasitəçilik təşəbbüsü ilə çıxış etməsi normaldır. Amma güman etmirəm ki, tərəflər buna isti yanaşsın”.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov Ankaranın Kiyev və Moskva arasında vasitəçilik etmək təşəbbüsünü şərh edərkən deyib.

Deputat xatırladıb ki, Ukrayna və Rusiya arasında Normand formulu var:

"Bu formatda həm də Fransa və Almaniya da iştirak edir. Bu mənada düşünmürəm ki, Türkiyənin təşəbbüsünə müsbət yanaşılsın.

Məsələnin ikinci tərəfi onunla bağlıdır ki, Rusiya Ukrayna ilə probleminin olmadığını deyir. Bildirir ki, problem Kiyevlə Donbas və Luqanski əhalisi arasında yaşanır. Bu mənada Ukrayna mövzusunda məsələ bir qədər qəlizdir. Tərəflərin Türkiyənin bu vasitəçiliyinə müsbət yanaşacağını gözləmirəm”.

Dekabrın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna mövzusunu müzakirə edəcəyi haqda informasiyaya gəldikdə, Rasim Musabəyov bunu mümkün sayır:

“Əlbəttə, danışıqlar aparmaq, hansısa məsələni müzakirə etmək mümkündür. Cənab Ərdoğan Prezident Putinlə Azərbaycan, eləcə də Əfqanıstan və ya Suriya, Liviya kimi məsələləri də müzakirə edir. Buna normal yanaşmaq lazımdır. Amma məsələnin müzakirə edilməsi ilə vasitəçilik missiyası ayrı-ayrı məsələlərdir. Düşünürəm ki, müzakirələr aparıla bilər və bu mümkündür. Amma vasitəçilik təşəbbüsləri bir qədər fərqli məsələdir. Bu halda Amaniya və Fransa da oyundan kənar vəziyyətə düşərdi. Hesab edirəm ki, müzakirələr aparılacaq, amma vasitəçilik təşəbbüsünə tərəflər isti yanaşmayacaq. Çünki öncədən Normandiya formatı yaradılıb və Ukrayna məsələsini bu format çərçivəsində müzakirə edirlər”.


Müəllif: Nemət