Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Aydın müəllim, Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində Moskvada növbəti görüş keçirildi. Görüşlə bağlı düşüncələriniz?
- Ermənistan sadəcə olaraq özünə xeyir edəcək bir siyasi gediş etmək istəyir. Zəngəzur dəhlizi ilk növbədə Ermənistanın özünə lazımdır. Bu dəhliz Ermənistan büdcəsinə böyük həcmdə vəsait təmin olunmasına imkan aça, minlərlə iş yeri yarada bilər. Onun ardınca Ermənistanla Azərbaycan, Türkiyə arasında normal, qonşuluq, hətta iqtisadi münasibətlərin yaradılması tamamilə mümkün olan bir məsələdir. Ermənistan buna gedəcək. Ancaq vaxt uzatmağa, Ermənistan cəmiyyətində guya ki, öz düşüncələrini qoruyub saxlamaq gücündə olduğunu nümayiş etdirməyə çalışılır. Bu gün o hələ də erməni millətçiliyi xislətindən azad olmayan cəmiyyətdə onların da maraqlarını müdafiə etdiyini göstərməyə çalışır. Ermənistan ərazisindən keçəcək nəqliyyat dəhlizinin Zəngəzur adlandırılmasına etiraz edir. Bir tərəfdən bu, Ermənistanda yerləşən ərazinin tarixinə marağı artırır. Bu zaman da Ermənistan dövlətinin olmadığını bunun tarixi adının Zəngəzur, Göyçə, İrəvan olduğu ortaya çıxır. Digər tərəfdən isə Ermənistan burada aparıcı söz sahibinin Azərbaycan olduğunu qəbul etmiş olur. Ancaq bütün bunlara baxmayaraq müəyyən bir dövrdən sonra həmin dəhliz mütləq açılacaq. Kommunikasiyalar bərpa ediləcək. Burada ən çox da fəal Ermənistanın olacağı gözlənilir. İlk dəfə deyil ki, Ermənistan bu və ya digər məsələnin həllində siyasi cığallığa üstünlük verir.
- Sizcə, burada Erməni tərəfinin davranışları Rusiyanın vasitəçiliyinə etiraz kimi başa düşülə bilərmi?
- Tərəflər növbəti dəfə görüşmək qərarına gəlib. Yəni bunun özü göstərir ki, Ermənistan danışıqlardan imtina etmir. Bu prosesdən, üçtərəfli komissiyadan çıxmır. Ermənistanın bu davranışları sadəcə olaraq siyasi gediş və tamaşadır. Bunu Ermənistan öz cəmiyyətinə eyni zamanda çox asılı olduğu xaricdəki diaspor təşkiltalarına güc sahibi olduğunu, guya ki, problemlərin ilk növbədə onların mövqeyi nəzərə alınmaqla həll edildiyi təəssüratı yaratmağa çalışır. Amma müəyyən bir dövrdən sonra bu problem həll ediləcək. Digər bir tərəfdən Rusiyasız Ermənistan mövcud deyil. 1918-1920-ci illərdə də, 1991-ci ildə və indinin özündə də Ermənistanın mövcudluğunda Rusiya faktoru olduqca böyükdür. Ermənistan nə qədər Qərbə meyl etsə, Rusiyanın dəstəyini unutmağa çalışsa da, Rusiyanın dayağı olmadan yaşamaları mümkün deyil.
- ABŞ dövlət katibi Azərbaycanla Ermənistan arasındakı əlaqələrdən bəhs edib. Prosesin irəliyə aparılmasında ABŞ-ın, Qərbin rolu nə dərəcədə realdır?
- Vacib deyil ki, hansısa bir regional problemin həll edilməsində bütün dünya gücləri orada mütləq iştirak etsin. Vaxtilə “Dağlıq Qarabağ” probleminin həllində Rusiya hər iki tərəflə yaxşı münasibətlərindən istifadə edərək iştirak etdi. Bu başqa məsələ ki, Amerika, Avropa da bu məsələyə öz töhfəsini vermək istəyir. Azərbaycan buna etiraz etmir. Təki problem həll edilsin. Post-münaqişə dövrü qarşısında duran məsələlər öz həllini tapsın.