6 Dekabr 2021 20:26
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Soçi görüşündən sonra Ermənistanın davranışları necə şərh oluna bilər?

- Soçi görüşündən sonra Ermənistan tərəfindən hər bir məsələdə sanki tərəddüd müşahidə edilir. 10 noyabr 2020-ci ildə əldə edilmiş razılaşma ilə bağlı da bunu açıq görmək mümkündür. Soçi görüşünə qədər də Ermənistan belə bir mövqe sərgiləyirdi. Eyni zamanda üçtərəfli görüşün uzadılması də məhz bundan qaynaqlanan hal idi. Qarşı tərəfin ritorikasında, səsləndirdiyi bəyanatlarda da bu reallıq mövcuddur.

- Bunlar nədən ibarətdir?

- Bunlar Ermənistanda davam edən çoxşaxəli bir prosesdir. İndiki halda Azərbaycanın yaratdığı reallığa heç bir alternativ yoxdur. Azərbaycan Prezidenti nəyi demişdisə, hər gün biz onun reallaşdığını görməkdəyik. Qarabağın dirçəlişində, Böyük Qayıdışın reallaşmasında, azad edilən ərazilərdə aparılan yenidənqurma proseslərində bunu açıq görmək mümkündür. Bu hal Azərbaycanın sülhsevən siyasətində də özünü daha aydın göstərir. Eyni zamanda Azərbaycan tərəfindən beynəlxalq aləmin müəyyən etdiyi qaydalara uyğun davranış sərgilənir.

- Ermənistanın bu davranışlarının arxasında hansı amillər dayanır?

- Hazırda Ermənistan prosesdə vasitəçi olan Rusiyaya qarşı aqressiv davranış sərgiləyir. Qərblə Ermənistan arasında indiki halda mühüm sövdələşmələr müşahidə edilir. Burada söhbət yalnız Ermənistanın özündən getmir. Bu ölkə növbəti dəfə başqalarının oyununu oynayır. Bu, böyük ehtimalla Ermənistanın içərisində çox ciddi proseslərin baş verməsinə gətirib çıxaracaq. Burada Qərb, Rusiya qarşıdurması da mühüm rol oynayır. Bütün bunlar Ermənistan içərisində həzm edilmədiyi üçün bu ölkə pərakəndə siyasət sərgiləyir. Nəticədə Ermənistan özü üçün həyati əhəmiyyət kəsb edən məsələlərdən uzaqlaşır.

- Brüssel görüşü ərəfəsi Ermənistanın bu davranışları nəyə hesablanıb?

- Bu görüş öncəsi Ermənistan hakimiyyəti özünü Qərbə yaxın müttəfiq kimi göstərməyə çalışır. Eyni zamanda yeni reallıqla barışmamaq, hansısa bir üstünlük əldə etmək üçün Ermənistan tərəfindən edilən cəhdlərin aşkar nümayişi sezilir. Eyni zamanda sülh, Azərbaycanla danışıqların davamlı olması, Türkiyə ilə münasibətlərin qurulması məsələləri də gündəmə gətirilir. Bununla yanaşı “Dağlıq Qarabağ” məsələsinin hələ də “açıq” qalması, “status” məsələsi də mümkün qədər gündəmdə saxlanılmağa çalışılır. Bu məsələlər eyni şəkildə və zamanda həm erməni müxalifəti, həm də iqtidari tərəfindən gündəmə gətirilir. Bu da ona dəlalət edir ki, Ermənistan başqalarının oyununu oynadığı üçün, öz oyununu oynaya bilmir.

- Çıxış yolu nədən ibarətdir?

- Azərbaycanın təklif etdiyi, yaratdığı şərtlərə uyğun davranış sərgilənməlidir. Ermənistan bunu edəcəksə, udacaq. O bu şərtlərə əməl etdiyi halda bir dövlət kimi qalmaq şansı əldə edəcək. Əgər Ermənistan bu günki oyununu bu davam etdirəcəksə, yaxın gələcəkdə bu ölkədə olan çaxnaşmalar daha da gərginləşəcək. Bu dövlət çevirilişinə cəhd, ordunun tabesizliyi, başqa hərəkətverici qüvvələrin meydana gəlməsi ilə də mümkündür. İqtisadi və hansısa başqa bir məsələlərin də Ermənistanda baş verməsi artıq real görünür. Ona görə ki, Ermənistan öz maraqlarını hələ də ortaya qoymayıb. Bu ölkə başqalarının əlində oyuncağa çevrilir. Ən böyük faciə isə ondan ibarətdir ki, artıq bu özünü sübut edib.

- Ter-Petrosyanın son açıqlamaları Ermənistandakı reallığa nə dərəcədə adekvatdır?

- Sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyan bir neçə gün bundan qabaq açıqladı ki, erməni cəmiyyəti faktiki olaraq Qarabağdan və bu davranışdan əl çəkməsə, onları daha böyük fəlakətlər gözləyir. Amma yenə də bu qüvvələr yanlış yoldan əl çəkmir. Buna kənar qüvvələr imkan vemir. Çünki onlar kimlərinsə əlində alətdir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər