7 Dekabr 2021 09:23
4 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ təyyarəsinin bu uçuşunun səbəbləri arasında ən önəmlisi budur ki, Amerika hazırda Rusiya və İranın bölgəyə geosiyasi təzyiq vasitəsi kimi hərbi təlim və manevrlər keçirməsini yolverilməz sayır. Bu iki ölkənin öz sərhədləri daxilindəki hərbi qruplaşmalarının yerdəyişmələrini təsbit edir”.

Jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- ABŞ və Avropa Birliyi Cənubi Qafqazda gedən proseslərə diqqətini artırır. ABŞ və Avropadan Bakı və İrəvana artan səfərlərə adekvat olaraq liderlərin Brüsseldə görüşü də təyin olundu. Sizcə, bu fəallaşma nəyə hesablanıb?

- Əsrlərdir ABŞ və Avropanın Cənubi Qafqazda maraqları və bununla bağlı planları var. Yəni Cənubi Qafqaz onların maraq dairəsindən heç vaxt çıxmayıb. Son iki aydakı fəallaşmanın isə konkret səbəbləri var.

Birincisi, “kollektiv Qərb” adlandırdığımız ABŞ və Avropa Birliyi nəyin bahasına olur-olsun, bütün vasitələrdən istifadə edərək Rusiya və İranı Cənubi Qafqaza təzyiq və təsir mexanizmlərindən məhrum etməyə çalışırlar. İkinci Qarabağ müharibəsindən sonra iki ölkə Cənubi Qafqaz regionunda moderator rolunu bölüşdü: Türkiyə və Rusiya. Nə Rusiya, nə də Türkiyə Qərbin buradakı geosiyasi konturlarında yer alır. Buna görə də, ABŞ həmişə olduğu kimi bu dəfə də Avropa Birliyinin əliylə Cənubi Qafqazdakı proseslərə sirayət edərək, buradanı öz nəzarətinə almağa çalışır.

İkinci amil iqtisadiyyatla bağlıdır. Çünki İkinci Qarabağ müharibəsindən sonra geosiyasi reallıqlarla yanaşı, iqtisadi tarazılıq da dəyişir. Bu dəyişiklik də bundan ibarətdir ki, bölgə dövlətləri indiyədək kreditlər üçün Avropa Yenidənqurma və İnkişaf Bankına, eləcə də Beynəlxalq Valyuta Fonduna və digər beynəlxalq təşkilatlara müraciət edərək, ABŞ-ın birbaşa nəzarətində olan strukturlarla danışıqlar aparırdılarsa, indi bu belə deyil. İndi bu yöndə ən önəmli yeri ərəb ölkələri və Çin tutur.

Çin bölgədəki rekonstruksiya və inkişaf prosesini kreditlərlə maliyyələşdirməyə hazır olduğunu dəfələrlə bəyan edib. “Bir kəmər – Bir yol” layihəsi çərçivəsində Azərbaycanla iqtisadi əlaqələri daha da intensivləşdirir. Bu intensivləşmə bundan sonra daha da sürətlənəcək. Çünki Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Rusiya, Çin, İran, Hindistan, həmçinin Orta Asiya və Cənubi Şərqi Asiya ölkələri belə Avropaya çıxış əldə edəcəklər.

Bu da Avropanın marağında deyil. Avropa sözdə bunu dəstəklədiyini bildirsə də, inhisarlaşdırma siyasəti yeridir. Bu yollara nəzarəti əldə saxlamağa çalışır.

Azərbaycan hazırda regionun iqtisadi baxımdan ən önəmli perspektivlərə malik ölkələrindən biridir. Azərbaycan nəqliyyat qovşağına çevrilir. Bu baxımdan, Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərini Brüsseldə görüşdürmək vasitəçiliyi ilə çıxış etməsi, Azərbaycanı ələ almaq cəhdləri, eyni zamanda ona təzyiq səylərindən xəbər verir. Çünki Şarl Mişel Ermənistana 2.5 milyard avro ayrılmasını vəd etmişdi, Azərbaycana isə cəmi 13 milyonun ayrılmasından söhbət gedir. Ermənistana ayrılan bu vəsait İrəvana verilən siyasi rüşvətdir. Bir sözlə, fəallaşma bunlarla bağlıdır.

- ABŞ təyyarəsi Ermənistan-Azərbaycan sərhədində kəşfiyyat uçuşu aparıb. Bunun izahı nə ola bilər: mesaj kimə ünvanlanıb?

- ABŞ-ın bu “Boinq” kəşfiyyat təyyarəsi “Avaks” tipi təyyarələrdəndir. Bu, radio və radioelektron kəşfiyyat və ya hərbi kəşfiyyat təyyarəsidir. Bu təyyarə Krit adasındakı aviabazadan havaya qalxdıqdan sonra Qara dənizdə - Krım sahillərində manevrlər edib, bundan sonra ilk dəfə olaraq Azərbaycan səması üzərində uçub.

Bundan sonra Ermənistan və Azərbaycan arasında sərhəd xətləri müəyyən edilməmiş zonada uçub. Bundan sonra Gürcüstan səmasından Qara dənizə keçərək, Kritə qayıdıb.

Məsələ budur ki, ABŞ indiyədək heç vaxt belə aşkar nümayişə keçməmişdi. Radioelektron kəşfiyyatda ehtiva olunan bir sıra məsələlər var ki, bunların arasında ən önəmlisi potensial rəqibin radioelektron vasitələrinin, hava hücumundan müdafiə sistemlərinin, radio əlaqələri və qovşaqlarının müyyən edilməsidir. Eyni zamanda, ağır zirehli texnika qruplaşmalarının yerdəyişməsinin, orta və iriçaplı artilleriya, yaylım atəşi sistemləri, minaatanlar və sair qurğuların mövqelərinin bəlirlənməsidir.

ABŞ təyyarəsinin bu uçuşunun səbəbləri arasında ən önəmlisi budur ki, Amerika hazırda Rusiya və İranın bölgəyə geosiyasi təzyiq vasitəsi kimi hərbi təlim və manevrlər keçirməsini yolverilməz sayır. Bu iki ölkənin öz sərhədləri daxilindəki hərbi qruplaşmalarının yerdəyişmələrini təsbit edir.

Digər məsələ isə Ermənistan-Azərbaycan sərhədindəki mövqeləri və kimin hansı ərazidə, hansı işlərlə məşğul olduğunu bilməkdir. Şübhə etmirəm ki, bu uçuş həyata keçirilməzdən əvvəl müvafiq rəsmi qurumlara müraciət olunub. Əks halda bu, hava sərhədlərinin pozulması kimi dəyərləndirilə bilərdi. Amma istənilən halda rəsmi açıqlamanı gözləməliyik. Yəqin ki, həmin açıqlamada da məsələyə aydınlıq gətiriləcək.

- Rusiyanın yanvarda Ukraynaya işğalçı hücuma keçəcəyi barədə saysız iddialar irəli sürülür, rəsmi açıqlamalar verilir. Bunu mümkün hesab edirsinizmi?

- Bunu mümkün saymıram. Bunlar fəlakət ssenariləridir. Qərb mediası belə ssenariləri çox sevir. Vaxtilə Çində “Ədalətin yumruğu” adlı inqilabi hərəkat vardı. Qərb mediası “əmin”dir ki, Ukrayna iki yerə bölünəcək, Lvov istiqamətində NATO qoşunları istehkamlanacaq, Rusiya da dörd istiqamətdən hücuma keçərək, Ukraynanın yarıdan çoxunu işğal edəcək. Bu olmayacaq, bu absurddur. Ukraynanın özünü elə qorxudublar ki, bu ölkənin müdafiə naziri NATO-ya müraciət edərək, Ukraynanın şərqində ABŞ və NATO qoşunlarının yerləşdirilməsini xahiş edib. Amma bu mümkün olan deyil.

Həm Rusiya, həm də NATO verdiyi vədləri pozmaqla məşğuldur. Rusiya NATO-dan tələb edir ki, şərqə doğu genişləndirməsini dayandırsın. NATO da bunu etmədiyini deyir, amma şərqə doğru genişlənməkdədir və dayanmaq niyyətində də deyil. Amma NATO və Rusiya arasında Ukraynada irimiqyaslı müharibənin olacağına inanmıram. Bu, Üçüncü Dünya Müharibəsinin başlanması olardı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər