“Bu oyunlar Ermənistana heç nə verməyəcək. Onlar onsuz da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olacaqlar. Oyunları daha çox daxili bazar üçündür. Özlərinə bir növ təsəlli verirlər ki, vəziyyət bir o qədər də pis deyil”.
Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı Asim Mollzadə Ermənistanın sülhyaratma prosesini ləngitməsi mövzusunda danışarkən deyib.
Asim Mollazadə bildirib ki, Ermənistan sülh üçün bütün zəruri addımları atmalıdır:
“Bunu Soçidə yenidən öhdəlik kimi götürdülər. Sərhədlərin delimitasiya və demorkasiyası, dəhlizlərin açılması üçün öhdəlik götürüblər. Məncə, son günlərin müsbət hadisəsi odur ki, minalanmış ərazilərin xəritələrini verdilər. Azərbaycan da humanist addım ataraq həbsdə olan 10 ermənini Ermənistana təhvil verdi. Düşünürəm ki, bu prosesi ləngitməklə Ermənistan yalnız öz-özünə zərbə endirmiş olacaq. Ölkənin sosial-iqtisadi vəziyyəti daha da ağırlaşacaq. Və Ermənistan bölgədə nəyisə dəyişməyə nail ola bilməyəcək. Əksinə, məcburən hər bir addımı atacaq”.
Milli Məclisin deputatı əlavə edib ki, ermənilər hər zaman oyun oynayırlar:
"Bu oyunlar nəticəsiz olduğundan məcburdurlar ki, hansısa addımlar atsınlar. Ən əsas üzərlərinə düşən öhdəlik tezliklə Zəngəzur dəhlizini açmaqdır. Onlar istəsələr də, istəməsələr də buna məcbur olacaqlar. Odur ki, indi vəziyyəti gecikdirməyin zərbəsi də elə onların özünə dəyəcək”.