Teleqraf.com Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə müsahibəni təqdim edir.
– Çingiz müəllim, bu yaxınlarda Soçidə ikitərəfli və üçtərəfli görüşlər, eləcə də Aşqabadda İƏT-in Zirvə toplantısı keçirilmişdir. Belə görüşlərin, orada imzalanan sənədlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Əvvəla, qeyd edim ki, iki ildir koronavirus pandemiyası dünyanı ağuşuna alıb və əksər ölkələrin sosial-iqtisadi, siyasi-mədəni sahələrinə ciddi ziyan vurub. O cümlədən, Azərbaycan da bu bəladan kənarda qalmayıb. Ancaq dövlət başçımızın düşünülmüş qabaqlayıcı tədbirləri koronavirusun daha ciddi fəsadlar törətməsinin qarşını alıb. Pandemiya bəlası davam etsə də, respublikamız bir sıra sahələrdə nailiyyətlər qazanıb.
Nəzərdə tutulan sosial layihələrin icrasının reallaşdırılması istiqamətində qətiyyətli addımlar atılır. Bu da şəhid, qazi və aztəminatlı ailələrin güzəranının yaxşılaşdırılmasında müsbət rol oynayır.
Təbii ki, bütün bunların pik nöqtəsi Ermənistan üzərində qazandığımız tarixi Qələbədir. Bu Zəfər ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib və reytinqini artırıb. Artıq Ermənistanın 30 illik işğalına son qoyulub və işğaldan azad edilmiş ərazilərimizdə bu gün yenidənqurma, abadlıq və bərpa işləri geniş vüsət alıb.
10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların bütünlüklə icra olunması işində Azərbaycan üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq indiyə qədər maksimum məsuliyyət və sistemli yanaşma ortaya qoyub. Söz yox ki, Ermənistan köhnə xislətindən – təxribat, dağıdıcılıq, atəşkəs rejimini pozmaq kimi xasiyyətlərindən əl çəkmək istəmir. Ancaq unudur ki, “dəmir yumruq” hər an başının üstündədir. Bütün bunlara baxmayaraq, dövlət başçımızın uğurlu diplomatik fəaliyyəti Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdiyi kimi, digər razılaşmalara da vadar edəcək. Bu günlərdə Soçidə üçtərəfli görüşdə, ardınca, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanın paytaxtı Aşqabadda keçirilən 15-ci Zirvə görüşündə də əldə etdiyimiz uğurlu nəticələr də bunu təsdiqləyir.
– Hər iki görüş beynəlxalq aləmdə diqqətlə izlənilirdi...
– Təbii ki, beynəlxalq ictimaiyyət hər iki görüşü böyük maraqla izləyirdi. Çünki bərpa olunan və yeni tikilən dəmir və avtomobil yolları, kommunikasiya xətləri, Zəngəzur dəhlizinin açılması digər ölkələrin də yükdaşımalarına, iqtisadi inkişafına müsbət təsir göstərəcək. İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən 15-ci Zirvə görüşü Azərbaycanın beynəlxalq platformada əldə etdiyi növbəti uğur və Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə qazandığı diplomatik uğurları qələbənin məntiqi davamı kimi qiymətləndirmək olar.
Soçi görüşünün əhəmiyyətindən söhbət açarkən, möhtərəm Prezidentimiz İlham Əliyevin Rusiyanın “Rossiya-1” telekanalına müsahibəsindəki bəzi məqamları xatırlatmaq istərdim. Ölkə başçısı dedi ki, bu görüşün yekununu Azərbaycanda çox müsbət qiymətləndiririk. Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır. Görüşün yekunlarına əsasən qəbul edilən, nəqliyyat şəbəkələrinin açılması, delimitasiya üzrə komissiyanın işə hazırlaşması üçün atılan addımlar barədə birgə bəyanat buna dəlalət edir. Azərbaycan bütün bu məsələləri dəfələrlə irəli sürüb və Rusiya bunu həmişə dəstəkləyib. Odur ki, bugünkü görüş də çox böyük əhəmiyyət kəsb edir.
Rusiya Prezidenti Vladimir Putinin mətbuata bəyanatında regionda iqtisadi əlaqələrin inkişafı ilə bağlı nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulaması Ermənistana ciddi mesaj oldu. Çünki Ermənistan bütün vasitələrlə Zəngəzur dəhlizinin açılmasına problem yaratmağa çalışır. Amma Soçi görüşündə Rusiya Prezidentinin mövqeyi ermənilərin son ümidlərini də puç etdi. Görüşün nəticələri bu məsələdə də ciddi irəliləyişin olacağından xəbər verir.
Soçi görüşü Azərbaycanın qələbəsi, Ermənistanın təxribatçı mövqeyinin iflasıdır. Ermənistanın ayrı yolu da yoxdur. Dəmir və avtomobil yollarının, nəqliyyat kommunikasiyaların açılması, iqtisadi layihələrin həyata keçirilməsi, sərhədlərin müəyyənləşdirilməsi üçün komissiyanın yaradılması Ermənistanı da düşdüyü bataqlıqdan xilas edə bilər. Azərbaycanın mövqeyi haqlı olduğuna görə, Rusiya tərəfindən də dəstəkləndi. Beləliklə, Soçi görüşü, bütövlükdə, Azərbaycanın haqlı mövqelərini bir daha təsdiq etdi.
– Yeri gəlmişkən, Aşqabadda keçirilən Zirvə görüşündə də Azərbaycanın haqq işi müdafiə olundu.
– Azərbaycanın İƏT-in fəal üzvü olması, beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində təşkilata üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurması ölkəmizin reytinqini kifayət qədər yüksəldir. Aşqabadda diqqətçəkən məqamlardan biri həmin təşkilatda təmsil olunan dövlətlərin Azərbaycanla dostluq, müttəfiqlik nümayiş etdirmələri, 44 günlük müharibə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsinə görə, Azərbaycanı təbrik etmələri oldu. Həmin ölkələrdən üçü Ermənistanın da daxil olduğu KTMT-in üzvüdür. Bu ölkələrin liderlərinin Azərbaycanı qazandığı qələbə münasibətilə təbrik etməsi Ermənistanın işğalçı olduğunu bir daha təsdiqlədi. İƏT-in Zirvə görüşü və orada keçirilən ikitərəfli görüşlər, imzalanan sənədlər regionumuzun gələcək inkişafı baxımından böyük ümidlər yaradır. Bu, ümumilikdə bölgənin beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi baxımından böyük perspektivlər vəd edir.
Zirvə görüşündə qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin öz əksini tapmasının Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq olunmasının və qəbul edilməsinin bariz nümunəsidir.
Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin bir sıra dövlət başçıları ilə səmərəli görüşləri, o cümlədən Türkmənistan qazının İran üzərindən Azərbaycana daşınmasına dair üçtərəfli sazişin imzalanması mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında baş tutan görüş də böyük maraqla izlənilirdi. Səmimi və mehriban şəraitdə baş tutan görüş yaranmış soyuq münasibətlərə son qoyulması baxımından mühüm rol oynadı. Hər iki liderin qarşılıqlı mesajları, yekunda imzalanan saziş, həmçinin qonşu ölkələrin rəsmi qurumları və şəxslərinin nümayiş etdirdikləri isti münasibətlər gələcək əlaqələrin inkişafında problemlərin aradan qaldırılacağında nikbin olmağa əsaslar yaradır. Prezident Seyid İbrahim Rəisinin “İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurların hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır” –fikrini səsləndirməsi iki ölkə arasında əlaqələrin getdikcə yaxşılaşacağından xəbər verir.
Ümumiyyətlə, Soçidə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşünün yekunu və İƏT-in Aşqabadda keçirilən 15-ci Zirvə toplantısının nəticələri Azərbaycanın beynəlxalq aləmdəki növbəti uğuru, diplomatik qələbənin məntiqi davamı kimi qiymətləndirilməlidir. Hər iki görüşdə əldə olunan razılıqlar, ikitərəfli görüşlər imzalan sənədlər regionumuzun gələcək inkişafı baxımından böyük ümidlər yaradır və ümumilikdə, bölgənin beynəlxalq əməkdaşlıq platformasına çevrilməsində böyük perspektivlər vəd edir.
Müsahibəni apardı: Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”