Dünyada baş verən prosesləri özünün ictimai-siyasi maraqları müstəvisində yönləndirmək cəhdləri uğursuzdur. Çünki qloballaşan dünyada bu cür vasitələrlə dövlətləri idarə etmək, təsir altında saxlamaq cəhdləri acı sonluqlara səbəb olur. Son 10 illiklər beynəlxalq güclərin demokratiya adı altında Suriyada, İraqda, Əfqanıstanda və digər ölkələrdə həyata keçirmək istədiyi proseslərin acı nəticələri ortadadır. Bu baxımdan ABŞ-ın təşəbbüsü ilə “demokratiya” sammiti adı altında ölkələri qütblərə bölmək uğursuz yanaşmadır.
Bunu Teleqraf com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, ABŞ-ın virtual “demokratiya” sammiti ilə bağlı sərgilənən mənzərə bölücülüyə, nifaqa xidmət edir: “Bu gün dünyada demokratik dəyərlərin, demokratiyanın beşiyi sayılan ölkələrdə böhran keçirməsi halları yaşanır. Amma bütün bunların fonunda Azərbaycan dünyada multikulturalizmin ənənəvi dövlət siyasəti olması üçün əməli addımlar atıb. Bakı Şərqlə Qərb arasında körpü rolundadır. Azərbaycan Qoşulmama Hərəkatı ölkələri üçün əlverişli fikir mübadiləsi platformasına çevrilməsinin mühüm təşəbbüskarıdır”.
Millət vəkili hesab edir ki, “demokratiya sammiti”nə ABŞ-a rəqib olan qlobal və regional güc mərkəzlərinin dəvət olunmaması Birləşmiş Ştatların demokratiya faktorundan öz siyasi məqsədləri üçün istifadə faktını daha da gücləndirir: “Məhz bu addımlar “demokratiya”nın ABŞ-ın öz hegemonluğunu təmin etməsi üçün irəli sürülmüş strategiyanın tərkib hissəsi olduğunu təsdiqləyir. Biz demokratiyanın zorakı yolla ixracı siyasətinin acı nəticələrini Əfqanıstanda, İraqda, Suriyada, “ərəb baharı”nı yaşamış ölkələrin taleyində görmüşük. Bu səbəbdən də, virtual sammit müstəvisində müzakirələrin həqiqi dialoq olmadığı və ölkələrin qarşılaşdıqları sosial-iqtisadi problemlərin həllinə təsir göstərməyəcəyi də realdır”.
Ceyhun Məmmədova görə, ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da virtual keçiriləcək “demokratiya sammiti”ndə iştirak edəcək ölkələrin siyahısı mövzuların istiqamətinin müəyyənləşməsini dəqiqləşdirir: “Çünki bu siyahıda Çin, Rusiya, Türkiyə, türkdilli dövlətin, müsəlman ölkələrinin böyük əksəriyyətinin adı yoxdur. Bu isə yeni bölücülük, qütbləşmə siyasətindən xəbər verən amildir”.