9 Dekabr 2021 19:00
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanla bağlı mühüm qərar verdi. Bu qərarı necə qiymətləndirirsiniz?

- Bu uğura hamımızın - Prezidentimizin, xalqımızın, ordumuzun mübarizəsində nail olunub. Uzun illər ölkəmizlə bağlı belə qərarların veriləcəyini gözləmişik. Çünki zaman-zaman dünyada olan ədalətsizlikləri də xalq olaraq öz həyatımızda hiss etmişik. II Qarabağ müharibəsi, xalqın iradəsi, birliyi torpaqlarımızın işğaldan azad edilməsi ədalətli və haqlı proseslərə inamımızı qaytardı. Bəzən düşünürdük ki, bu problemlər məhz bizim yaşadığımız dövrdə həll edilməlidir. Amma görünür ki, ədalətin bərpa olunması üçün uzun illər lazım olub. 30 ilə yaxın biz bunu gözləmişik. Sözsüz ki, bundan sonra hələ də proseslər gedəcək. Çünki biz bu proseslərin başlanğıcındayıq.

- Bu qərar sonrakı dövr üçün nə dərəcədə təsirli olacaq?

- Bu hələ də proseslərə görə, mahiyyət üzrə tam qərar deyil. Amma ümumilikdə proseslərin gedişini göstərən, iddiaların qəbul olunub-olunmaması ilə bağlı verilmiş mühüm bir qərardır. Ancaq hələ bu mərhələdə belə bir qərarların qəbul olunması bizim üçün çox böyük əhəmiyyət kəsb edir.

- Sizcə, artıq Azərbaycanın haqq sözünün beynəlxalq müstəvidə eşidildiyini söyləmək olarmı?

- İndiyə kimi Azərbaycanın haqq sözünü bir çox beynəlxalq dairələr eşitmək istəmirdi. İndi isə ədaləti qəbul etməyə məhkumdurlar. Azərbaycanın yaratdığı reallıq bunu təmin edib. Belə ədalətli qərarların məhz zamanında qəbul olunmaması həmin təşkilatların, qurumların, məhkəmələrin özlərinin fəaliyyətini şübhə altına alırdı. Vaxtilə bir çoxları düşünürdü ki, Azərbaycanın işğal edilmiş əraziləri əbədi olaraq da belə qalacaq. Düşünürdülər ki, bununla bağlı heç kim bir kəlmə söz deməyəcək. Amma Azərbaycan xalqı özünün iradəsini ortaya qoyaraq sözünü də elə yüksəkdən dedi ki, bunun da əks sədası bütün dünya təşkilatlarında eşidildi və qəbul olundu.

- Ermənistan yalanlarına beynəlxalq hüquqda olan yanaşmaları necə şərh etmək olar?

- Yalan və böhtan əsasında olan iddialar artıq beynəlxalq məhkəmədə rədd edilir. Bu ermənilərin diversantlarla, “Hərbi qənimətlər parkı” və “mədəni abidələrlə” bağlı idi. Artır bu iddialar birmənalı şəkildə ifşa edilib. Bundan sonra da bu proses davam edəcək. Proses çox ciddi şəkildə beynəlxalq qanunun ədalətli formada təqdim olunmasına xidmət edəcək.

- Azərbaycanın bu istiqamətdəki sonrakı davranışları necə tənzimlənəcək?

- Azərbaycan tərəfi olaraq bu məsələdə mövqeyimiz birmənalıdır. Bizim istədiyimiz ədalətli qərarların qəbul olunmasıdır. Eyni zamanda bu hal Ermənistanın özündə dəyişikliklərin baş verməsində, başlanmasında və proseslərə təsirində çox ciddi bir amillərdən olacaq. Çünki artıq ermənilərin əlindən istifadə etmək istədikləri alətlər çıxmış olur. Bu o deməkdir ki, ya ermənilər özlərini yeni müharibə ritorikaları ilə məhv edəcəklər, ya da beynəlxalq məhkəmlərin qərarları qarşısında qalacaqlar. Artıq bu tendensiyalar özünü göstərir. Nikol Paşinyanın son bəyanatları, parlamentdəki çıxışı tək Azərbaycanın diktsi ilə olan hadisələr deyil. Bu Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi uğurun Ermənistana təsirinin real nəticəsidir.

- Bu mühüm qərardan sonra erməni lobbisinin oyundankənar qaldığını düşünə bilərik?

- Azərbaycanın əldə etdiyi tarixi qələbəni heç cür qəbul etməyən dünya erməniçiliyi və erməni lobbisinə böyük bir zərbə vuruldu. Bir neçə gün sonra Azərbaycan nümayəndəsi kimi Parisdə olacam. Orada Ermənistanla bağlı məsələ müzakirə ediləcək. Bu, Ermənistanın Avropa Şurası qarşısında öhdəlikləri ilə bağlı olacaq. Ola bilsin ki, erməni nümayəndə heyəti orada nəsə yaza bilər. Amma mən qalxıb buna etiraz edəcəm və deyəcəm ki, bu düzgün deyil. Digəri isə qalxıb mənə cavab verə biləcək ki, bu sənin, Azərbaycanın fikridir. Artıq mən ona cavab verəcəm ki, bu təkcə bizim fikrimiz deyil. Biz sadəcə sizə Haaqa məhkəməsinin qərarlarını çatdırırıq. Açıq şəkildə də deyəcəm ki, siz bunu icra etmirsinizsə, Azərbaycana yox, Haaqa Məhkəməsinə, öz imicinizə zərbə vurursunuz. Ümumiyyətlə, belə çıxır ki, siz qeyri-obyektiv işləyirsiniz. Bəlkə burada korrupsiya faktları var. Dünənə kimi bizi belə məsələdə ittiham edənlər indi özləri fakt qarşısında qalacaqlar.

- Bu mühüm qərar gələcəkdə davamlı hüquqi proseslərin təminatına hansı formada zəmin yarada bilər?

- Bu qərarın əhəmiyyəti ondan ibarətdir ki, gələcəkdə daha böyük uğurların təminatı üçün bu diplomatiyanın və siyasətin dayağına çevriləcək. Çünki nəyəsə, arxalanıb önə getmək olar. Birdən-birə böyük uğurlar qazanmaq olmur. Məhz II Qarabağ müharibəsi dövründə də Prezident İlham Əliyev Azərbaycanla bağlı beynəlxalq hüququn vermiş olduğu bir neçə vacib sənədə istinad edirdi. Məhz bu konteksdən dünyaya mesajlar verilirdi. BMT-nin, Avropa Şurasının 14-16 saylı qətnamələri, Avropa Birliyinin, İslam Konfransı Təşkilatının qərarları bizim üçün beynəlxalq statusda mühüm istinad üçün əsas idi. İndi isə Azərbaycanın daha böyük və hüquqi sənədlərə istinadı artıq reallaşıb. Bunlar isə beynəlxalq məhkəmlərin qərarlarıdır. Hamı da bilir ki, beynəlxalq Haaqa məhkəməsinin apelyasiyası, növbəti mərhələsi olmur. Bu artıq son instansiyadır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər