“Ukrayna məsələsi həll edilməyib. Putin və Bayden görüşü zamanı razılaşdırılıb ki, tərəflər təkliflərini hazırlayacaqlar, müzakirələr bu ətrafda gedəcək. Hətta təklifləri qiymətləndirmək üçün komissiya da yaradılacaq. Amma bu təkliflər nədən ibarət olacaq, Rusiya hansı iddialar irəli sürəcək, Amerika bununla razılaşacaqmı sonrakı məsələdir”.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.
O əlavə edib ki, ABŞ və Rusiya prezidentlərinin görüşündən sonra tərəflər mətbuata fərqli açıqlama verib: “ABŞ tərəfi elan etdi ki, Ukrayna mövzusunda qətiyyətli mövqeyindən geri dönməyəcək. Rusiya isə orada yaşayan rusların hüquqlarını qorumaq adı ilə mövqeyindən imtina etməyəcəyini gündəmə gətirdi. Ukrayna rəhbərliyi isə nisbətən fəallaşmağa başlayıb. Görünən odur ki, Moskva və Vaşinqton Ukrayna məsələsində razılıq əldə edilməyib”.
Politoloq qeyd edib ki, Putin və Bayden görüşündə İran, Çin, Liviya və digər mövzularda diqqətdə olub: “İranla bağlı hansı müzakirə edilib, hansı qərara gəlinib, bilinmir. Həmçinin Liviya və Suriya məsələsi də diqqətə alınıb. Burada önəmli məqamlardan biri də Rusiya-Çin münasibətləri mövzusunda olub. Əlbəttə, Rusiya-Yaponiya məsələsi də var. Çünki müharibənin 75 ildir bitməsinə baxmayaraq bu ölkələr arasında sülh müqaviləsi yoxdur. Aydındır ki, Rusiyanın özünəməxsus ambisiyaları var. ABŞ da dünyada özünü supergüc gimi görmək istəyir. ABŞ və Rusiyanın maraqlarının bu baxımdan üst-üstə düşməsi inandırıcı deyil. Məncə, qarşıdurma artacaq, “soyuq müharibə” güclənəcək. Vaşinqton çalışacaq ki, Avropa Rusiyaya qarşı daha sərt sanksiyaları işə salsın. Hadisələrin gedişi də bunu göstərir. Rusiya kanallarında politoloqlar ABŞ-a “hücum” edirlər. Əgər Rusiyada politoloqlar belə danışırlarsa, deməli Putin-Bayden müzakirəsində razılaşma əldə edilməyib”.