9 Dekabr 2021 20:38
2 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sərhədlərin delimitasiya və demarkasiyası hər iki ölkə arasında normal münasibətlərin qurulmasının açarıdır. Bu həm də indi gündəmdə olan üç əsas mövzudan biridir. Azərbaycan prezidenti, rəsmi qurumlar dəfələrlə bildirib ki, Bakı böyük sülh sazişinə hazırdır və bunun tərkib hissəsi kimi sərhədlərin dəqiqləşdirilməsi əsas mövzuya çevrilməlidir. Ermənistanda da bunu istəyən qüvvələr var. Çünki onlar da anlayır ki, sərhədlər müəyyən edilsə, onların sərhədini erməni deyil, rus əsgərləri qoruyacaq. Bununla bağlı əvvəlcədən Rusiya ilə ümumi razılaşma var. Bu gün Ermənistanın Türkiyə və İranla sərhədini rus sərhədçilər qoruyur”.

Bunu Teleqraf.com-a Real Partiyasının funksioneri Natiq Cəfərli deyib.

O düşünür ki, delimitasiya və demarkasiya prosesindən sonra Ermənistan sərhədlərinin ruslar tərəfindən qorunması ermənilərdə müəyyən zəmanət yarada bilər: “Bu səbəbdən də ermənilər də bu işdə maraqlıdır. Burada vacib məqam odur ki, Rusiya tərəfi Azərbaycan üçün üç önəmli məsələdən - kommunikasiyaların açılması, sərhədlərin müəyyən edilməsi və Xankəndidə yaşayan ermənilərin Azərbaycana inteqrasiyası kimi bizi maraqlandıran və sülh sazişinin təməlini təşkil edəcək məsələdən yalnız birində maraqlı görünür. Rusiya kommunikasiyaların açılmasında maraqlıdır, çünki Azərbaycan üzərindən Ermənistana sürətli və ucuz yol əldə edir. Amma görünən odur ki, sərhədlərin müəyyən edilməsinə ruslar o qədər də tələsmir. Düşünür ki, sərhəd məsələsi əslində hər iki ölkəyə təzyiq etmək baxımından yaxşı fürsətdir. Başqa sözlə, sərhədlər tez dəqiqləşsə, problemlər aradan qalxsa bu zaman təzyiq vasitələrindən biri rusların əlindən çıxır. Təsadüfi deyil ki, Rusiya prezidenti son bir ayda iki dəfə deyib ki, xəritələr bizdədir və ona qısa dəyişiklik edilməlidir ki, hər iki tərəfi qane edən qərarlar olsun. Bununla Rusiya açıq şəkildə deyir ki, sərhədi çəkən qələm bizim əlimizdədir. Bunu da təzyiq vasitəsi kimi saxlayır ki, hər iki tərəfə təsirlər göstərə bilsin”.

Natiq Cəfərlinin qənaətincə, bu səbəblərdən Rusiya Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyasının sürətlə aparılmasında maraqlı deyil: “Halbuki biz bunu çox istəyirik. Eləcə də Paşinyan komandasının bir qismi bunda maraqlıdır. Bununla İrəvan iki məsələni birdən həll etməyə çalışır. Həm sərhədlərin qorunmasına əlavə pul xərcləməyəcəklər və bunu Rusiya edəcək, həm də gələcəkdə Xankəndi və ətrafında yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının problemlərini öz çiyinlərindən ataraq Rusiyaya yükləyəcəklər. Bu xətt açıq-aydın görünür. Rusiyanın da delimitasiya və demarkasiya işini sürətlə aparması görünmür. Amma komissiyalar yaradılacaq, təmaslar qurulacaq. Sadəcə bunun tez başa çatmasına inam azdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər