“Co Bayden-Vladimir Putin görüşündə Çin məsələsi müzakirə edilən mövzular arasında olmayıb. Hər halda açıqlanan rəsmi məlumata əsasən görüşdə dörd məsələ müzakirə edilib. Burada Çin mövzusu yoxdur. Bu mənada ABŞ və Rusiya arasında Çin mövzusunun müzakirə edildiyi haqda fikirlər yanlışdır”.
Bu fikirləri Teleqraf.com-a Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbər deyib.
O əlavə edib ki, Bayden-Putin görüşündə Çindən fərqli olaraq İran və onun nüvə proqramları müzakirə mövzusu olub: “Yəni İran ətrafında vəziyyət diqqətə alınıb. ABŞ böyük ehtimalla özünün ənənəvi mövqeyini Rusiya liderinə çatdırıb. Ənənəvi mövqe də ondan ibarətdir ki, İran nüvə silahı əldə etməməlidir və biz buna imkan verməyəcəyik. Qeyd edim ki, bu təkcə ABŞ-ın mövqeyi deyil. Israil dövləti də bu mövqeni bölüşür. Həmçinin dünyanın ən böyük iqtisadiyyatına malik olan 7 dövlət də ABŞ və İsrailin bu mövqeyini təkrarlayır. Bu mənada İranla bağlı güclü Qərb kollektivinin mövqeyi Prezident Putinə çatdırılıb”.
Sülhəddin Əkbər qeyd edib ki, həm rəsmi, həm də açıq mənbələrdə Çin məsələsinin ABŞ və Rusiya liderləri tərəfindən müzakirə edildiyinə dair informasiya yoxdur:
"ABŞ və Rusiyanın Çinlə bağlı mövqeyi fərqlidir. Məsələn, rusların Çinə münasibəti ikilidir. Burada bir tərəfdən bu iki ölkənin idarəçilik sistemləri arasında qohumluğun olmasıdır. Yəni bu amil Rusiya və Çini yaxınlaşdırır. İkincisi, həm Çin, həm də Rusiyada anti-Qərb mövqeyi var. Sözsüz ki, bu da Moskva ilə Pekini yaxınlaşdırır. Amma özləri də ikilikdə rəqibdir. Bu mənada Rusiya-Çin münasibətləri hər zaman ziddiyyətli xarakterdə olub və bundan sonra da olacaq. Hətta Çin və SSRİ-də kommunist partiyaları rəhbərlikdə olduğu zaman belə münasibətlərdə bu cür ziddiyyət hökm sürüb”.
Partiya sədri bildirib ki, ABŞ-ın Çinlə bağlı mövqeyi daha aydındır: “ABŞ və Çin strateji rəqabət içindədir. ABŞ istəmir ki, Çin qlobal gücə çevrilsin və Amerikaya meydan oxusun. Bunun qarşısını almaq xətti var”.