13 Dekabr 2021 17:24
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sakit Okean Alyansı (SOA) təşkilatının nəinki Azərbaycanda ümumiyyətlə, regionda ofisinin ilk açılış mərasimi oldu. Bu, təşkilatın həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada ilk ofisidir. Təşkilatın məhz Bakı şəhərini seçməsi coğrafi baxımdan bölgə olaraq uzaq olsa da, siyasi və iqtisadi baxımından bu dövlətlərin Azərbaycana marağını və aramızda olan sıx siyasi-iqtisadi əlaqələrin yaxşı göstəricisidir.

Bu sözləri Teleqraf.com-a eksklüziv açıqlamasında xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

SOA-nun 2011-ci ildə Meksika, Kolumbiya, Peru və Çili tərəfindən yaradıldığını xatırladan Elnur Məmmədov Azərbaycanın təşkilata 2019-cu ildə müşahidəçi qismində qəbul edildiyini vurğulayıb: "Bu müddət ərzində təşkilata 60-dan artıq dövlət müşahidəçi qismində qoşulub. Bizim əsas əməkdaşlıq çərçivəmiz üç istiqamətdədir. Bilirsiniz ki, bu dövlətlərin transmilli şirkətlərinin əksəriyyəti Şərq ölkələrində, o cümlədən Çin Xalq Respublikasında fəaliyyət göstərir. Onların istehsal etdiyi məhsulların Avropa bazarına daşınması məsələsi hər zaman aktualdır. Azərbaycan son illərdə bir çox beynəlxalq nəqliyyat dəhlizləri və marşrutların həm iştirakçısı, eyni zamanda təşəbbüskarı olub. Bu təhlizlər üzrə misal kimi Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunu qeyd edə bilərik. Çin Xalq Respublikası tərəfindən irəli sürülən, Azərbaycan tərəfindən dəstəklənən "Bir kəmər, bir yol" təşəbbüsü də nümunə göstərmək olar. Bu marşrutlar üzərindən Avropa bazarına məhsulların çatdırılması, Azərbaycanın tranzit ölkə olaraq bu prosesdə iştirakı birinci istiqamətdir".

Onun sözlərinə görə, ikinci istiqamət işğaldan azad edilmiş ərazilərdə bu təşkilatın təsisçi ölkələri, Latın Amerikası və Karib dənizi hövzəsində yerləşən dövlətlər tərəfindən sərmayələrin qoyulması çağırışı ilə bağlıdır: "Zəngəzur dəhlizinin açılmasından sonra bütün bölgədə nəqliyyat-kommunikasiya xəttləri bərpa olunacaq və təbii ki, bu dövlətlərin də Cənubi Qafqaz bölgəsinə marağı artacaq. Bu baxımdan da təşkilatın Azərbaycanda ofisinin açılması çox böyük önəm kəsb edir. Xüsusilə qeyd edim ki, biz bu dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda yaxşı siyasi əlaqələrə malikik. Hazırda təşkilata sədrlik edən Kolumbiya Respublikası vaxtilə həm Xocalı qətliamını soyqırımı kimi tanımışdı və eyni zamanda Azərbayacana Vətən müharibəsi zamanı birmənalı olaraq siyasi dəstək verib. Bütün bu faktorları nəzərə alaraq bu bölgə ilə əməkdaşlığımız ümid edirik ki, daha da genişlənəcək və ümumilikdə bölgənin rifahına xidmət edəcək".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər