Azərbaycan regionda yeni bir reallıq yaradıb. 30 ilə yaxın Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığa başlıca maneə olan Qarabağ münaqişəsi başa çatıb. Artıq bölgədə daimi sülhün təminatı üçün mühüm addımlar atılır. Bu mənada Moskvada “3+3” formatında keçirilən görüş mühüm əhəmiyyət kəsb edir. Görüşdə Gürcüstanın müəyyən səbəblərə görə iştirak etməməsi “3+2” formatında danışıqların davam etməsini təxirə salmayıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun fikrincə, yeni format bölgə ölkələri üçün yeni imkanlar açır: Sözsüz ki, bu reallığın təminatçısı olan Azərbaycan bölgədə qalıcı sülh üçün mühüm təşəbbüslərlə çıxış edir. Zəngəzur dəhlizi vasitəsi ilə yaradılacaq yeni imkanlar isə region xalqlarının inkişafını, qarşılıqlı əlaqələrin daha da genişlənməsini şərtləndirir”.
Millət vəkili hesab edir ki, Moskvada keçirilən “3+2” formatında görüşün yekununda əldə edilən razılaşma, 6 aydan bir rotasiya qaydasında baş tutacaq dialoq mühüm önəm kəsb edir: “Çünki qarşıda həllini gözləyən mühüm məsələlər var. Ona görə də, proseslərin irəliyə aparılması, qarşılıqlı etimad mühitinin yaradılması baxımından bu cür görüşlərin ayrı-ayrı paytaxtlarda vaxtaşırı keçirilməsi əlavə bir məsuliyyət formalaşdıracaq. Bu formatda iştirak edəcək hər bir region dövləti bunun üstünlüklərini sözsüz ki, yaxın dövr üçün hiss edəcək. Bu amil bölgədə canlanmaya, əlaqələrin inkişafına, ziddiyyətlərin aradan qaldırılmasına mühüm töhfə olacaq”.