“Münasibətlər gec-tez normallaşacaq, başqa cür düşünmək mümkün deyil. Çünki müharibə bitib, Azərbaycanın ərazilərinin azad edilməsi prosesi böyük hissədə başa çatdırılıb. Üstəgəl, Rusiya sərhədlərin delimitasiya və demarkasiyasına uyğun olaraq xəritələrin tərəflərə təqdim olunmasına razılıq verib. Bu xəritələr Azərbaycanın özündə də var. İndi əsas məsələ işçi qrupunun fəaliyyətə başlaması ilə bağlıdır. İşçi qrupu da peşəkar topoqraf və coğrafiyaşünaslardan ibarət olmalıdır”.
Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə başlamaq üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin olunacaq. O, Türkiyə nümayəndəsinin İrəvana gedəcəyini də dedi. Sizcə, bu gəlişmə nə ilə nəticələnə bilər?
- Türkiyə və Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri var. Qənaətimə görə, Ermənistan Azərbaycanla əlaqələrini qaydasına salmayana qədər Türkiyə onunla münasibətlərini bərpa etməyə girişməyəcək. Türkiyə nümayəndə heyətinin İrəvana gedəcəyi ilə bağlı məsələyə gəldikdə, bunu ilkin hazırlıq işləri kimi qələmə vermək olar.
Çox güman ki, Türkiyə Zəngəzur dəhlizi və kommunikasiyaların açılması, eləcə də Azərbaycanın ərazi bütövlüyünün tanınması kimi məsələləri İrəvanın qarşısında şərt olaraq qoya bilər. Çünki Zəngəzur dəhlizinin açılması və bölgədə münasibətlərin normallaşdırılması Türkiyənin strateji maraqlarına daxildir. Bunun birtərəfli qaydada həyata keçiriləcəyini düşünmürəm.
Hesab edirəm ki, proses Azərbaycanla həmahəng şəkildə aparılacaq. Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırması əsas meyar kimi götürləcək.
- Yaxınlarda “3+2” formatı da fəaliyyətə başladı. Bu format regionda sülhyaratma prosesinə necə təsir göstərəcək? Eyni zamanda, bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyüna tanıması istiqamətində İrəvan tərəfindən müsbət addımların atılmasına imkan yarada bilərmi?
- Bu, uğurlu formatdır. Bu formatın qarşısına əsasən, bölgədə iqtisadi və mədəni əlaqalərdəki problemlərin koordinasiyalı şəkildə nizama salınması missiyası qoyulub. Hələlik Rusiya Ermənistan və Azərbaycan arasında əsas moderator rolunu oynamağa davam edir. Belə görünür ki, bunu “Altılıq” və ya “Beşlik” formatına vermək fikrində deyil.
Amma mənim dediklərim mütləq xarakter daşımır. Çünki burada Azərbaycanın siyasi mövqeyi əsasdır. Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini məsələləri kifayət qədər bilən şəxsdir. Hələlik sərhədlərin müəyyənləşdirilməsi, sülh danışıqları və kommunikasiyaların açılması kimi məsələlərin bu formatda müzakirə olunacağı barədə açıqlama yoxdur. Bu formatdan danışarkən, əsasən iqtisadi və mədəni əlaqələr kimi məsələlər vurğulanır.
Belə görünür ki, Azərbaycan və Ermənistan arasındakı kövrək məsələlərin həlli Rusiyanın yeganə moderator olduğu Soçi prosesinə bağlı olaraq qalır.
- Bəs Ermənistan-Azərbaycan əlaqələrinin gələcəyi haqda proqnozunuz nədir: münasibətlərin normallaşması yolunda işartı görünürmü?
- Münasibətlər gec-tez normallaşacaq, başqa cür düşünmək mümkün deyil. Çünki müharibə bitib, Azərbaycanın ərazilərinin azad edilməsi prosesi böyük hissədə başa çatdırılıb. Üstəgəl, Rusiya sərhədlərin delimitasiya və demarkasiyasına uyğun olaraq xəritələrin tərəflərə təqdim olunmasına razılıq verib. Bu xəritələr Azərbaycanın özündə də var. İndi əsas məsələ işçi qrupunun fəaliyyətə başlaması ilə bağlıdır. İşçi qrupu da peşəkar topoqraf və coğrafiyaşünaslardan ibarət olmalıdır.
- Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin dağılmasını növbəti dəfə “faciə” adlandırdı. O, həmçinin qeyd etdi ki, Sovet İttifaqının dağılması tarixi Rusiyanın çöküşü idi. Bu mesaj nəyə hesablanıb?
- Böyük siyasətlə məşğul olan adamlar bu cür siyasi nostalgiyaya qapılmamalıdır. “Tarixi Rusiya” dedikdə, Çar Rusiyasının imperiya kimi formalaşması XVIII əsrə təsadüf edir. Doğrudur, bu müddət ərzində bir sıra xalqların ərazilərini işğal edərək öz torpaqlarına qatmışdılar. “Tarixi Rusiya” dedikdə, əsasən Rusiyanın Avropa hissəsindəki ərazilərin bir qismini nəzərdə tutsa, daha yaxşı olardı.
Rusiya bu gün Avrasiya materikində böyük əraziyə sahiblənmiş dövlətdir. Bu da vaxtilə Kiyev ətrafında mövcud olmuş rus knyazlığının təxminən XVIII əsrin sonlarına doğru imperialist siyasət yürüdürək, bir sıra xalqların torpaqlarının mənimsənilməsi ilə müşayiət olunub.
Putin bu gün bu amillərə və xalqlara qətiyyən əhəmiyyət vermir və “Böyük Rusiya” kimi millətçi şüarlarla çıxış edir. Bu, başqa xalqların duyğularına hörmətsizlik kimi də qəbul oluna bilər. Rusiya İkinci Dünya Müharibəsi vaxtı da Kareliya, Saxalin və s. kimi bölgələri öz ərazilərinə qatmışdı.
Mənə elə gəlir ki, Putinin bu fikirlərini “böyük imperiya” xülyaları ilə yaşayan insanın nostalgiyası kimi də qəbul etmək olar.
- Rus mediası və ekspertləri Putinin bu açıqlamasını müzakirəyə çıxarıb. Bir sıra rus ekspertlərinin fikrincə, SSRİ-nin dağılması prosesi indi də davam edir və buna uyğun olaraq postsovet məkanı növbəti dəfə parçalanacaq. Kremlə yaxın ekspertlərin dilindən səsləndirilən bu fikirlər və hədə kimlərə ünvanlanıb?
- Bu da uğursuz mövqedir. Rusiya SSRİ dağıldıqdan sonra hələlik Gürcüstan, Moldova və Ukraynadan ərazi qoparmağa nail olub. Bundan başqa, onun Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində mandatsız sülhməramlı qüvvələri yerləşir. “Postsovet məkanı növbəti dəfə parçalanacaq” kimi fikirlər yenə də imperiya ədası və duyğularından irəli gəlir.
“Keçmiş SSRİ ərazilərinin Rusiyaya qatılması” kimi fikirlər təhlükəli ideyalardır. Belə ideyalar Rusiya kimi çoxmillətli ölkələrdə əks effekt verə bilər. Rusiya 250-dən çox fərqli millət və xalqın yaşadığı ölkədir. Onların hər biri öz müstəqil dövlətlərini qurmağa nail ola biləcək millətlərdir.
Yaxşı olardı ki, öz ərazilərindəki Başqırıdıstan, Tatarıstan, Yakutiya, Buryatiya kimi respublikaların müstəqil olmaq arzularını da düşünüb, bu məsələlərə münasibət bildirsin. Özlərinin imperiya arzularının qınına girib, Rusiya ətarfındakı dövlətlərlə bağlı uğursuz şüarlar səsləndirən, proqnozlar verənlər, bölgədə yaranan sabitliyə zərbə vurmaq istəyən millətçi adamlardır. Bu adamların ideyaları Ukrayna və Gürcüstanın timsalında özünü aydın şəkildə büruzə verir.
Bu, Rusiyanın hələ də təcavüzkar siyasət yürütdüyünü göstərən mühüm faktlardan biridir.