“Media haqqında” qanunun müzakirəsi zəruridir. Əvvəlki qanunun qəbulundan 20 ildən çox zaman keçir. Bu müddətdə həm ölkədə, həm də xaricdə böyük dəyişikliklər olub.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “Media haqqına” qanunun müzakirəsi zaçamı çıxış edən deputat Vahid Əhmədov deyib.
Deputat xatırladıb ki, o zaman ümumilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qəbul etdiyi qərarlardan biri senzura ilə bağlı idi: “Ümumilli lider bir jurnalist ona yaxınlaşanda dərhal reaksiya verirdi. Həmkarımız Qənirə Paşayeva o zaman populyar jurnalist idi və bunları bilir”.
V.Əhmədov deyib ki, media azad olmalıdır: “Habelə jurnalistlər də azad olmalı və istədiyi şəxsdən müsahibə ala bilməlidir. Hesab edirəm ki, medianın maliyyə məsələsi olduqca vacibdir. Dünyada medianın maliyyələşməsi reklam vasitəsilə həyata keçirilir. Azərbaycanda reklam bazarının inkişafı müşahidə edilsə də, mediada reklam yetərli qədər deyil. Məncə, bu məqam qanun layihəsində öz əksini tapmalıdır. Məncə, medianın dövlət tərəfindən maliyyələşməsi effekt vermir”.
Vahid Əhmədov əlavə edib ki, Azərbaycanda reket jurnalistlər çoxdur. O, bunun səbəbini reketləri saxlayan, onlara dəstək verən şirkət rəhbərləri, məmurların olmasında göstərib.
Deputat həmçinin deyib ki, media rəhbərinin, baş redaktorlarının ali təhsili olmalıdır və bu məcburiyyətdir: “Amma jurnalistlər də var ki, ali savadı olmasa da, informasiya məkanına daxil olub və işləyir. Onlarla bağlı belə tələbin qoyulmasını doğru saymıram”.