15 Dekabr 2021 19:14
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı daha çox SSRİ-nin çökməsindən və post-sovet məkanında öz müqəddəratlarını təyin etməsindən sonra yaradılmış bir platformadır və burada Avropa institutlarına inteqrasiya, eləcə də Avropa sisteminə bu ölkələrin müəyyən formada cəlb olunması nəzərdə tutulur.

Bunu Teleqraf.com-a açıqlamasında Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının doktorantı, politoloq İlyas Hüseynov bildirib.

O qeyd edib ki, burada Rusiyanın bu ölkələr üzərində hakim rolunun azaldılması istiqamətində fəaliyyətlər icra olunur. Eyni zamanda əsas istək də bundan ibarətdir ki, Avropa İttifaqına uyğun iqtisadi və hüquqi münasibətlər sistemi formalaşsın:

“Burada demokratik azadlıqlar, siyasi plüralizm, söz və fikir, vicdan azadlığının və sair qorunması kimi məsələlərin məcmusundan söhbət gedir. VI Zirvə görüşündə də bu kimi prioritet məsələlərin müzakirə olunacağı gözlənilir. Eyni zamanda biz müşahidə edirik ki, son dövrlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında da bir sıra intensiv görüşlər keçirilmişdi. Vətən müharibəsindən sonra Avropa İttifaqının 3 xarici işlər naziri Bakıda səfərdə olmuşdu, daha sonra isə bir sıra məsələlərdə Avropa İttifaqının Azərbaycanla birgə işləmək istiqamətində təşəbbüsləri nəzərə çarpıb. Əsas etibarilə Qarabağın yenidən qurulması və bərpası istiqamətində Avropa İttifaqına üzv ölkələr bu təşəbbüslə çıxış ediblər. Burada xüsusilə İtaliyanın rolu diqqət çəkir”.

İlyas Hüseynov qeyd edib ki, eyni zamanda ərazilərin minalardan təmizlənməsi ilə bağlı da bir sıra təşəbbüslərə dair fikirlər var:

“Ötən gün Aİ Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında keçirilmiş görüşdə də Aİ Azərbaycana texniki yardım göstərməyə hazır olduğunu bildirib:

“Digər önəmli xüsus birinci Qarabağ müharibəsindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində açıqlamadır. Bu da çox diqqətçəkən bir məsələdir. Çünki 4 mindən çox Azərbaycan vətəndaşı haqqında rəsmi Bakıda heç bir məlumat yoxdur. Eyni zamanda nəzərə almaq lazımdır ki, Avopa İttifaqı iqtisadi bir təsisatdır və bu örtük altında dövlətlər arasında olan bir sıra ərazi iddiaları, etnik mübahisələrə səbəb olan məsələlər öz həllini tapıb. Ona görə də Aİ-nin humanitar məsələlərin həll olunmasında böyük təcrübəsi var. Buna görə də Cənubi Qafqazda da Aİ nümunəsində regional əməkdaşlıq münasibətlərinin qurulması bu gün prioritet təşkil edir. Bunun əsas lokomotivini tərəfələr bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində görürlər. Mənə elə gəlir ki, bu çox düzgün yanaşmadır. Eyni zamanda Aİ-yə üzv ölkələrin şirkətləri burada yaxından iştirak edə bilərlər. Həm nəqliyyat və logistikanın genişlənməsi, eləcə də burada istehsal və xidmət sahələrinin açılması istiqamətində mühüm addımlar atıla bilər”.

Politoloq daha sonra deyib:

“Nəzərə almaq lazımdır ki, Aİ-nin enerjiyə artan tələbatı böyük həcmdə məhz Azərbaycan tərəfindən qarşılanır. Son dövrlərdə təbii qaza olan təlabat çox yüksəkdir. 2020-ci ilin dekabrında TAP layihəsinin istifadəyə verilməsi ilə Cənub Qaz Dəhlizinin sonuncu seqmenti istifadəyə verildi və Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qaz bu gün Avropa İttifaqının tədarükçülərinə təhlükəsiz şəraitdə çatdırılır. Bu da çox önəmli məsələdir və Aİ ilə Azərbaycan arasında olan münasibətlərdə strateji xarakter daşıyır. Bu xüsusda Aİ üçün Cənubu Qafqazda təhlükəsizlik mühitinin formalaşması və stabil inkişaf üçün təməllərin qurulması öncüllük təşkil edir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər