“Azərbaycanın hərbi qələbəsindən sonra diplomatik meydanda da, müəyyən məsələlərlə bağlı uğurlu addımların atılması üçün də kifayət qədər münbit şərait var. Çünki Ermənistan Qarabağ məsələsindən tamamilə kənarlaşmağı düşünür. Açıq şəkildə deməsələr də, artıq onlar Xankəndi və ümumən Qarabağın hüquqi cəhətdən Azərbaycan əraziləri olduğunu qəbul edirlər. İndi ora Rusiya hərbçiləri nəzarət edir. Ermənistan isə gələn ilin büdcəsindən Qarabağdakı ermənilərə 289 milyon dollar vəsait ayırmalıdır. Artıq Ermənistan bu maddi yükü daşımaq istəmir. Bu yükü Qərb ölkələri və ya Rusiyanın çiyinlərinə qoymağı düşünür”.
ReAl partiyası sədrinin müavini Natiq Cəfərlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ukrayna Prezidenti Vladimir Zelenski azərbaycanlı həmkarı İlham Əliyevdən Rusiyada əsir saxlanılan ukraynalıların azad edilməsi üçün kömək istəyib. Sizcə, Bakı tərəflər arasında vasitəçi ola bilərmi və bu, nə qədər effekt verə bilər?
- Zelenskinin bu təklifi həm də ona hesablanıb ki, Azərbaycan prezidentinin Rusiya və Putinlə kifayət qədər işgüzar, yaxın münasibətləri, bir çox məsələləri açıq və şəffaf müzakirə etmək imkanları var. Çox güman ki, bu istək həm də bundan qaynaqlanır. Ümumiyyətlə, Zelenski və Ukraynanın son zamanlardakı siyasəti bundan ibarətdir ki, bu kimi məsələlərin həlli ilə bağlı koalisiya qurmağa çalışır. Hətta Krım Platforması elan edilmişdi. Bu platforma çərçivəsində Rusiya ilə danışmaq, ona müəyyən təzyiqlər göstərmək üçün bir koalisiyanın qurulmasından söhbət gedirdi.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da, Rusiya və Ukrayna arasında vasitəçi olmağı təklif edib. Sanki bu təklifin davamı kimi, Zelenski Azərbaycan prezidentinə də öz xahişini çatdırdı. Ola bilər ki, Azərbaycan prezidentinin Putinlə münasibətlərinin yaxşı səviyyədə olduğunu nəzərə alaraq, bizim bilmədiyimiz (diplomatik danışıqlarda bu normal haldır) bəzi məsələlər var ki, Zelenski bunun publik deməyərək, Azərbaycan prezidenti vasitəsilə Rusiya və Putinə çatdırılmasını da xahiş edib. Gələcəkdə atılacaq addımlar uyğun olaraq, biz bunu açıq şəkildə görə biləcəyik. Ola bilər, elə məsələlər müzakirə olunur ki, indi ictimai müzakirəyə çıxarılmır. Zelenski həmin məsələlərin Putinlə görüşündə İlham Əliyev tərəfindən ona çatdırılmasını xahiş edə bilər. Yaxın gələcəkdə baş verəcək hadisələr bununla bağlı ipucu verəcək.
Azərbaycanın Ukrayna ilə kifayət qədər yaxşı münasibətləri var. Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biridir. Biz də həm BMT, həm ATƏT, həm də Avropa Şurasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qərarların lehinə səs vermiş ölkəyik. Yəni bu münasibətlərin strateji hədəfi də var. Gələcəkdə maraqlı görüşlərin təşkilində Azərbaycan prezidentinin də ciddi rolu ola bilər.
- Brüsseldə gözlənilmədən Fransa Prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirildi. Əvvəlcədən heç nə deyilməyən bu görüş haqda fikriniz nədir: Makronun bu təşəbbüsü nədən irəli gəlirdi?
- Bu, nəzərdə tutulmamış görüş idi. Çox güman ki, Makron Azərbaycan prezidenti və Ermənistan baş nazirinin Brüsseldə olmasından istifadə edərək, çox qısa zamanda belə bir görüşün keçirilməsi ilə bağlı razılığa gələ bilib. Burada iki məqsəd var. Birinci məqsəd daxili siyasət üçündür. Bilirsiniz ki, dörd ay sonra Fransada prezident seçkiləri keçiriləcək. Makron üçün ağır seçkilər olacaq, çünki ölkə daxilindəki reytinqi həddindən artıq aşağıdır. Bu, ilk növbədə, erməni seçicilərinə müəyyən mesajların verilməsi üçün hesablanmış görüş idi. Makronun görüşdən sonra Tvitterdəki paylaşımında da erməni seçicilərinə mesaj vardı. O, erməniləri tək qoymayacağını, Fransanın bu prosesdə yardımçı olacağını xüsusi olaraq vurğulayıb.
İkincisi, Qarabağdakı 44 günlük müharibədən sonra sanki Avropa Birliyi ölkələri prosesdən kənarda qaldılar. Rusiya bu prosesin yeganə moderatoru rolunda çıxış edir. Bu da Avropa Birliyi ölkələri və ABŞ-la yanaşı, Fransanı da əndişələndirir. Çünki Cənubi Qafqazdakı proseslərdən tamamilə kənarda qalıblar. Buna görə də, bu görüşün daha bir əhəmiyyəti də budur ki, Fransa və Avropa Birliyinin digər ölkələrinin bu proseslərdə hansısa formada yer alması gözlənilir. Dəhlizlərin və kommunikasiyaların açılması Avropa Birliyi ölkələri üçün də sərfəlidir. Çünki son zamanlarda dünyada logistika böhranı da yaşanır. Logistikadan doğan böhrana görə dünyada infilyasiya da sürətlənib, qiymətlər artır. Buna görə də, yeni xətlərin açılması Avropa Birliyi və Fransanın da marağındadır.
Çox güman ki, təsir dairələrinin o qədər də güclü olmayacağını bilirlər, amma maliyyə yardımının edilməsi və sülh quruculuğu işində müəyyən addımların atılması yönündə Fransa və Avropa Birliyinin iştirakını gözləmək olar.
- ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ermənistan Təhlükəsizlik Şurasının rəisi Armen Qriqoryanla görüşüb. Görüş ötən gün keçirilib, təmasların məkanı və orada nə barədə danışılması haqda məlumat məhduddur. ABŞ liderinin müşavirini Qriqoryanla görüşməyə vadar edən nə ola bilər?
- Bu, yuxarıda dediyim prosesin davamıdır. Sanki pandemiya dönəmində Cənubi Qafqazdakı proseslərin sürətlə davam etməsi, dünya ölkələrinin başlarının özlərinə qarışması onları bu gəlişmələrin kənarında saxladı. Eyni zamanda, İkinci Qarabağ Müharibəsi ABŞ-da prezident seçkilərinin keçirilməsinə təsadüf etmişdi. Buna görə də, Amerika bu proseslərdən tam kənardaydı, orada kimin qalib gələcəyi axıradək bilinmədi. Nəticədə bu, Amerikanın diqqətindən tamamilə kənarda qalmış bi proses oldu. İndi ABŞ və Avropa Birliyi bu itirilmiş zamanı və fürsətləri geri qaytarmaq üçün müəyyən addımlar atır və görüşlərin intensivliyi artırılır.
Ermənistanda hakimiyyətdə olan Nikol Paşinyan və komandasının ABŞ və Qərbin digər bir sıra dövlətləri ilə kifayət qədər yaxşı münasibətləri var. Sadəcə olaraq, Rusiyanın reaksiyasına görə bunu açıq şəkildə büruzə verməkdən çəkinirlər. Sanki bu cür görüşlər Ermənistana ürək-dirək vermək üçün nəzərdə tutulub ki, “Qərbyönümlü siyasəti davam etdirin, gec-tez Qərb və Amerika sizə hansısa formada dəstək olacaq”.
Çox güman ki, bu məsələ də görüşdə müzakirə olunub. Təsadüfi deyil ki, bu görüşdən bir neçə gün öncə Ermənistanın hakim partiyasının bəzi deputatları bu ölkədəki Rusiya hərbi bazalarının çıxarılmasının vacibliyini gündəmə gətirmişdilər. İlk dəfə idi ki, Ermənistanda ekspertlər və politoloqlar yox, hakim partiyanın nümayəndələri bunu açıq şəkildə səsləndirdilər. Təbii ki, onlar Qərbdən dəstək almasaydılar, belə bəyanat verməzdilər. Bu, maraqlı kombinasiyadır.
Azərbaycanın hərbi qələbəsindən sonra diplomatik meydanda da, müəyyən məsələlərlə bağlı uğurlu addımların atılması üçün də kifayət qədər münbit şərait var. Çünki Ermənistan Qarabağ məsələsindən tamamilə kənarlaşmağı düşünür. Açıq şəkildə deməsələr də, artıq onlar Xankəndi və ümumən Qarabağın hüquqi cəhətdən Azərbaycan əraziləri olduğunu qəbul edirlər. İndi ora Rusiya hərbçiləri nəzarət edir. Ermənistan isə gələn ilin büdcəsindən Qarabağdakı ermənilərə 289 milyon dollar vəsait ayırmalıdır. Artıq Ermənistan bu maddi yükü daşımaq istəmir. Bu yükü Qərb ölkələri və ya Rusiyanın çiyinlərinə qoymağı düşünür.
- Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndə təyin etdi. İki ölkə arasındakı münasibətlərin normallaşması Azərbaycana nə vəd edir?
- Ermənistan-Türkiyə münasibətlərinin korlanması Azərbaycana qarşı işğal faktoru ilə əlaqəliydi. Türkiyə qardaş və dost ölkə kimi, Ermənistanın işğalçı siyasətinə etiraz olaraq həms dərhədlərin bağlanılmasına, həm də diplomatik təmasların sıfıra endirilməsinə qərar vermişdi. 44 günlük Vətən müharibəsində isə torpaqlarımızın böyük əksəriyyətində işğala son qoyulub. Yəni münasibətlərin normallaşdırılması üçün fürsət yaranıb. Bu da Azərbaycanın xeyrinədir. Ermənistan nə qədər iqtisadi, sosial və siyasi cəhətdən Türkiyəyə yaxın olacaq, bu, bir o qədər bizim lehimizə olacaq. Proseslərə uyğun olaraq, bölgədə təkcə kommunikasiyalar və dəhlizlər yox, Türkiyə-Ermənistan sərhədləri də açılacaq.
Vaxtilə Ermənistan və Türkiyə arasında dəmir yolu xətti də vardı, bu xəttin bərpa edilməsi də mümkündür. Ermənistan münasibətləri normallaşdırılması istiqamətində addımlar atacaqsa, Avropa və Rusiyaya asan çıxış imkanı əldə edəcək, iqtisadi olaraq da bunlardan yararlana biləcək. Bir sözlə, türk iqtisadi oyunçularının Ermənistanda təsir mexanizmləri yaratması nəticə etibarilə Azərbaycanın da maraqlarına uyğundur.