“Ermənistan və Türkiyə arasında əlaqələrin qurulması, sərhədlərin açılması və münasibətlərin yaranması müsbət hadisə olmaqla yanaşı Azərbaycan-Ermənistan münasibətlərinin inkişafına da təsir göstərə bilər. Odur ki, bu yaxınlaşma doğrudur və sülh sazişinin imzalanmasına əlavə stimul verə bilər”.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
O əlavə edib ki, əlaqələrin qurulması üçün tərəflərin xüsusi nümayəndəlik təsis etməsi müsbət hadisədir:
“Düzdür, Ermənistanda müəyyən revanşist qüvvələr var və onlar bu əlaqələrin qurulmasına qarşı çıxış edirlər. Çünki əlaqələrin yaranması həmin qüvvələrin maraqlarına və mövqelərinə ağır zərbə ola bilər. Bu səbəbdən də Daşnaksütyun başda olmaqla bəzi qüvvələrin bəyanatlarına ciddi fikir vermək lazım deyil. Türkiyənin iqtisadi gücü, böyüklüyü, dünya siyasətindəki ağırlığı, eləcə də BMT-dəki rolu ortadadır. Türkiyə Ermənistandan dəfələrlə güclü dövlət olmasını nəzərə alaraq bəzi məqamlara diqqət etmədən bu prosesi inkişaf etdirməlidir”.
Sərdar Cəlaloğlu qeyd edib ki, Türkiyə-Ermənistan əlaqələrinin qurulmasına, sərhədlərin açılmasına yüzdə-yüz inanır:
“Tarixdə bundan da ciddi düşmənçilik edən tərəflər olub. İndi onlar arasında sərhəd problemi yoxdur. Üstəlik Ermənistanın Türkiyəyə ehtiyacı var. Mən hesab edirəm ki, proses sonluğuna çatacaq”.